Elmar Məmmədyarov Çilidə bir sıra görüşlər keçirib

Elmar Məmmədyarov Çilidə bir sıra görüşlər keçirib Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfəri çərçivəsində Çili Milli Konqresində bir sıra görüşlər keçirib.
Çili Senatının sədri Xaime Kintana, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Xose Miqel İnsulza, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fransisko Çauan və qrupun digər üzvləri ilə keçirilən görüşlərdə Azərbaycan və Çili arasında dostluq münasibətlərinin inkişaf etməkdə olduğu, qarşılıqlı olaraq diplomatik təmsilçiliklərin fəaliyyət göstərdiyi vurğulanıb. Görüşlərdə iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, nəqliyyat, mədəni-humanitar, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilərək, ikitərəfli münasibətlərin, eyni zamanda xalqlarımız arasında əlaqələrin gücləndirilməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən bəhs olunub.
Nazir E.Məmmədyarov Azərbaycan və Çilinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, beynəlxalq gündəlikdə duran əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü bildirib. Bu konteksdə, hər iki ölkənin Qoşulmama Hərəkatının üzvü olduğunu vurğulayaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Çili tərəfinin də bu əhəmiyyətli tədbirə dəvət olunduğunu qeyd edib.
Daha sonra E.Məmmədyarov Çili Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin gündəlik sessiyasında iştirak edərək komitənin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Pablo Vidal və komitənin və dostluq qrupunun digər üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan haqqında geniş məlumat verən nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirərək əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu qeyd edib. Həmçinin, Çili və Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etməsindən və bu xüsusda, Azərbaycanın hərəkata sədrliyinin prioritetlərindən və Bakıda keçiriləcək Zirvə Toplantısından danışıb.
Görüş zamanı Elmar Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüd olduğunu diqqətə çatdırıb.
Elmar Məmmədyarov Çili Deputatlar Palatasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutaraq Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi üçün təşəkkürünü bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər