Ərdoğan üçün çətin “Krım sınağı”

Ərdoğan üçün çətin “Krım sınağı” Putin Türkiyə liderini Simferopolda məscid açılışına dəvət edib, gedəcəkmi?
Krım yarımadasının Rusiya tərəfindən ilhaqının 5 ili tamam olub. 2014-cü il martın 18-də Rusiya hökuməti Krımda keçirilən referendumun nəticələrini təsdiqləyərək yarımadanı öz ərazilərinə qatıb. Ötən gün Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqının 5 illiyi münasibətilə yarımadanın ən böyük şəhəri Sevastopola gedib. Rusiyanın dövlət başçısı səfəri çərçivəsində yeni elektrik stansiyasının açılışında iştirak edib və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Qeyd edək ki, Rusiyada qəbul edilən qərara əsasən Krımın Rusiyaya birləşdirilməsi dərsliklərə daxil ediləcək və bütün təhsil mərhələlərində tədris olunacaq.
Lakin Krımın ilhaqı Qərb ölkələri başda olmaqla, əksər dövlətlər tərəfindən tanınmır. ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı sərt sanksiyalar qəbul edib. Rəsmi Kiyev və Qərb Krımın Rusiyaya birləşdirilməsini anneksiya adlandırıb. NATO və Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqının 5-cı ildönümündə məsələni bir daha müzakirəyə çıxarıb. NATO-nun yaydığı bəyanatda qeyd olunur ki, Avroatlantika təşkilatı bu ilhaqın nəticələrini tanımır və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Sənəddə Rusiyanın Krımda hərbi təsisatın inşası və Krım-tatar icmasının üzvlərinin həbsi, habelə onların işgəncələrə məruz qalması kəskin tənqid edilir.
Avropa İttifaqı da Krım məsələsi ilə bağlı sərt mövqe bildirib. Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Federika Moqqerini bildirib ki, onlar Ukrayna ilə həmrəydir və bu ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Krım mövzusunda Rusiya prezidenti Türkiyəni çətin vəziyyətə salıb. Belə ki, Krımda səfərdə olan Putin yerli ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşüb. Görüşdə Putin Türkiyə prezidenti Ərdoğanı Simferopolda məscidin açılışına dəvət edib. Putin deyib ki, Ərdoğan onun dəvətini qəbul edəcək. Sitat: “Prezident Ərdoğanı dəvət etdim. O, bu mövzu ilə bağlı məlumatlıdır və belə anladım ki, dəvətimi müsbət qarşıladı. Baxaq görək nə olacaq, gəlməyə zaman və imkan tapacaqmı?”
Rusiyanın Krımı öz ərazilərinə birləşdirməsindən sonra tikilməyə başlayan Simferopol məscidinin bu il aprelin 21-də açılışı olmalıdır. Lakin bu tədbirdə Türkiyə prezidentinin iştirakı ciddi sual yaradır. Çünki Türkiyə hər nə qədər Rusiya ilə dostluq münasibətlərinə malik olsa da, Krım məsələsində Qərblə həmfikirdir, Ukrayna hökumətini dəstəkləyir.
Yeri gəlmişkən, Krımın Rusiyaya birləşdirilməsinin 5-ci ili ilə bağlı Türkiyə XİN sərt mövqe bildirib. XİN-in açıqlamasında qeyd olunur ki, Krım Rusiya tərəfindən beynəlxalq hüquqa zidd şəkildə ilhaq edilib. Sitat: “Faktiki, vəziyyəti tanımadığımızı bir daha yeniləyir və Ukraynanın ərazi bütövlüyü, suverenliyinə dəstəyimizi təsdiqləyirik. Bundan başqa, yer xalq olan Krım tatarlarının vəziyyətinin Türkiyə üçün xüsusi əhəmiyyətini qorumağı davam edəcək”.
İndi nəzərlər Ərdoğana dikilib. Türkiyə prezidentinin 21 apreldə Simferopola gedib-getməyəcəyi maraq doğurur. Yeri gəlmişkən, sonuncu dəfə ötən ilin noyabrında Ukrayna prezidenti ilə görüşündə Türkiyə prezidenti Krım məsələsində Ukraynanı dəstəkləyib. Ərdoğan bildirib ki, ölkəsi Krımın “qanunsuz işğalını tanımır və tanımayacaq”.
Ancaq indi Putin Türkiyə prezidentini fakt qarşısında qoyur. Əlbəttə, Simferopol məscidinin açılışına 1 aydan çox vaxt qalıb. Yəqin məsələdir ki, bu zamana qədər Ərdoğan hansısa cavabı verəcək və Simferopola getməyəcək. Lakin aydındır ki, bu, bir mənada Türkiyə və Rusiya arasında səmimiyyət testi olacaq.

Kənan RÖVŞƏNOĞLU

Oxşar xəbərlər