Elmin vətəni olmur, alimin isə vətəni var...

Elmin vətəni olmur, alimin isə vətəni var... Azərbaycan SSR EA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.
Qoşqar Əhmədov 1917-ci ildə Gədəbəy rayonunda anadan olub. 1923-30-cu illərdə Gədəbəy rayon Söyüdlü kənd natamam orta məktəbində təhsil almış, 1930-33-cü illərdə Bakı Beyənəlmiləl Pedaqoji Texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra iki il rayonda müəllim işləmişdir.
1935-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1941-ci ildə ordu sıralarına getmiş, elə həmin ildə də F.Dzerjinski adına Hərbi Akademiyaya oxumağa göndərilmiş və 1946-cı ilədək Bakı Qarnizonu Komandanının zenit artilleriyası üzrə müavini vəzifəsində işləmişdir. Ordudan tərxis olunandan sonra aspiranturaya qəbul olunmuş, həmin il fizika-riyaziyyat faküləsinin dekan müavini vəzifəsinə irəli çəkilmişdir. O, 1950-ci ildə namizədlik, 1960-cı ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1961-ci ildə professor elmi adını almışdır. 1958-ci ildən ömrünün sonunadək differensial və inteqral tənliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Q.Əhmədov 1965-ci ildə Azərbaycanda ilk dəfə “Optimal idarəetmənin riyazi əsasları” üzrə elmi seminar təşkil etmiş və burada riyaziyyatın müxtəlif yeni sahələri (optimal idarəetmə nəzəriyyəsi, meyl edən diferensial tənliklər nəzəriyyəsi, dayanıqlıq nəzəriyyəsi) öyrənilmişdir. Diferensial və inteqral tənliklər sahəsində böyük mütəxəssis kimi tanınmış Qoşqar Əhmədov 70-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 60-dan çox elmlər namizədi hazırlanmışdır. Elmi və pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur.
Qoşqar Əhəmədov bir sıra hökumət mükafatları almış, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Görkəmli alim, 1975-ci ildə vəfat etmişdir.
Qoşqar Əhmədlinin vətəni Gədəbəydir. Doğulub, boya-başa çatdığı, ömrünün ən qayğısız, dünya kədərindən uzaq, uşaqlıq illərini Gədəbəyin o dağlarında, quzeylərinin cığırlarında keçirib. Sonra Bakı şəhərinə təhsil dalınca gəlib...
Qalan ömrünü isə şəhər həyatıyla bağlamışdır... Əslində, onun vətəni bütöv Azərbaycan olub. Dünən bir kəndə, rayona aid olan Qoşqar müəllim sonra ölkəsinin ən dəyərli insanı olub.
Mən Qoşqar Əhmədlini görməmişəm. Orta məktəbdə oxuduğum illərdə - 1975-ci ildə o dünyasını dəyişmişdi. Ancaq haqqında çox eşitmişdim. Hələ uşaq ikən eşitmişdim ki, Gədəbəydə bir ailə var – 5 qardaş, 2 bacı. 7-də alimdir. Doğrudur, o vaxtda Gədəbəyin adlı-sanlı alimləri az olmamışdı – Furudin, Tofiq Köçərli qardaşları, Məlik Orucov, İzzət Rüstəmov və başqa adlı-sanlı, adlarını çəkə bilmədiyim alimlər az olmayıb...
Bakı Dövlət Universitetinin 4-cü kursunda oxuyurdum “Azərbaycan gəngləri” qəzetində təcrübədə idim. Redaktor Yusif Kərimov mənə Qoşqar Əhmədli haqqında yazı yazmağı tapşırdı. Bakı Dövlət Universitetinin mexanik riyaziyyat fakültəsinə gəlməli oldum. Fakültə dekanı Qəmbər müəllim (indi o da dünyasını dəyişib. Allah rəhmət eləsin). Mənə Qoşqar müəllim haqqında bir-birindən maraqlı, yadda qalan xatirələr danışdı: “Mən Qoşqar müəllimlə bir yerdə işləmişəm, mənim elmi rəhbərim olub. Onun haqqında saatlarla, günlərlə danışsam belə az olar. Çox ləyaqətli, təmiz, sözü bütöv, şəxsiyyəti bütöv bir insan idi Qoşqar müəllim... O, alimlikdən əvvəl əsl insan idi. Sözün əsl mənasında insan. İşlədiyim indiki mexanika-riyaziyyat fakültəsinin dekanı idi. Bir gün Zaqataladan, yaxud da Qəbələdən yadımda deyil fakültəyə bir yaşlı kişi gəldi, Qoşqar müəllimin yanına, dedi, qızım 3-cü kursda oxuyur, daha oxumayacaq. Qoşqar müəllim təəccüblə soruşdu - niyə? dedi, - mənim onu oxutmaq imkanım yoxdur, o təqaüd hesabına oxuyur, bu smestrdə bir üç alıb, ona təqaüd düşmür, necə oxudum? İmkanım yoxdur?
Qoşqar müəllim nömrələnmiş vərəqə baxıb əlindəki çirnel ruçkanı vərəqin üstümə səpələdi və üzünü mənə tutub, - Qəmbər, get Faiq müəllimə de Qoşqar müəllimin əlindən rəng vərəqə dağıldı, imkandısa yeni vərəqə versin (Söhıbət universitetin sabiq rektor, professor Faiq Bağırzadədən gedir).
Mən Faiq Bağırzadənin yanına getdim və Qoşqar müəllimin sifarişini ona çatdırdım. O heç nə demədən nömrəli (adı belə gedirdi) lifti verdi. Qoşqar müəllim üzünü kişiyə tərəf tutub, - qızının adı nədir? Kişi qızının adını söylədi. Mən ona 4 yazıram. Qoy uşaq oxusun... Kişi həm sevindiyindən, həm də bu yaxşılığın qarşığılığında nə edəcəyini bilmədi”.
Qoşqar Əhmədov haqqında bu cür xatirələr istənilən qədərdir.
Təkcə onu qeyd etmək kifayətdir ki, Qoşqar Əhmədli haqqında yazılan şeirlərdən ilbarət ayrıca kitab çap olunub. Ona el məhəbbəti, hörməti sonsuz olub. Elə şəxs tapmaq olmaz ki, o, Qoşqaır Əhmədlini tanımaya və onun haqqında müsbət fikir söyləyə bilməsin. Belə hörmətə, məhəbbətə layiq olmaq hər kəsə müyəssər olmur. Qoşqar Əhmədli təkcə Azərbaycanda deyil, bütövlükdə podsovet məkanında tanınan böyük alim olmuşdur. Onun kəşfləri, xüsusilə riyaziyyat elmi üçün qoyub getdikləri bu sirri də alimlər tərəfindən böyük sevgi ilə təhlil və tədqiq olunmaqdadır. O neçə-neçə alimlər yetişdirmiş, onlara əsl müəllim, ata qayğısı göstərmişdir.
Bu kiçik yazı ilə Qoşqar Əhmədlini xatırlamağım heç də təsadüfi deyil. Çox istərdim ki, belə alimlər, əsl insan olan şəxslər, həmişə xatırlansın, yaddan çıxmasın...

Əkbər Hüseynzadə


Oxşar xəbərlər