Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi proqramını bitirən məzunlara sertifikat verilib

Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi proqramını bitirən məzunlara sertifikat verilib 2018-2019-cu tədris ilində “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı”nı bitirən məzunlara sertifikatların təqdimat mərasimi keçirilib.
Proqram “British Council” təşkilatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və turizm sektorundan olan əsas tərəfdaşlar tərəfindən həyata keçirilir.
Mərasimdə “British Council”ın Azərbaycan filialının direktoru Samr Şah proqramın məqsədi və əhəmiyyətindən danışıb. Bildirilib ki, proqram peşə təhsili sektorundan olan məzunların bilik və bacarıqlarını təkmilləşdirməklə onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə yaradılıb. Hər il məzunların 60 faizinin turizm, qonaq qəbulu və xidmət sektorlarındakı aparıcı müəssisələrdən iş təklifi alması gözlənilir.
Birləşmiş Krallığın sahibkarların təşəbbüsünə əsaslanan bacarıqlara və keyfiyyətə zəmanət üzrə təcrübəli People1st UK təşkilatı 20 nəfər üçün təlim keçib və müxtəlif peşə təhsili müəssisələrində (Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Gəncə, Qəbələ, Qusar, İsmayıllı Dövlət Peşə Təhsil mərkəzləri və s.) təhsil alan aşpazlar, mehmanxana qapıçıları və təmizlik işçilərini təlim materialları ilə təmin edib. 2018-2019-cu illər üzrə proqrama cəlb edilmiş tələbələr Azərbaycanda beş ulduzlu otellərdə təcrübə və peşə təlimi keçib və praktik iş təcrübəsi vasitəsilə turizm və qonaq qəbulu sektorlarında öz karyeralarına qədəm qoyublar.
Peşə Təhsili üzrə Dövlət Agentliyi və iştirakçı otellər qrupu “British Council” ilə 2019-2020-ci illərdə turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının həyata keçirilməsini davam etdirmək barədə razılığa gəlib. Proqram Bakıda və Azərbaycanın digər regionlarında peşə təhsili müəssisələrindəki tələbələr üçün təlim və təcrübəni əhatə edəcək. Proqrama ərizə qəbulu avqustda başlanılacaq (proqrama qəbulla bağlı daha ətraflı məlumat əldə etmək üçün müvafiq veb-səhifəyə daxil olmaq lazımdır:
https://www.britishcouncil.az/programmes/education-society/Access-to-Hospitality-and-Appr).
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi önəm verildiyini qeyd edib, müasir tələblərə cavab verən peşə təhsili müəssisələrinin yaradıldığını bildirib.
“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı” barədə danışan Pərviz Yusifov onun peşə təhsilinin inkişafında səmərəli rolunu vurğulayıb.
Digər çıxış edənlər proqramla bağlı fikirlərini bildirib, onun peşə təhsilinə töhfə verəcəyinə əminliklərini vurğulayıblar.
Sonra proqramı uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər