Azərbaycan Tibb Universiteti tam elektronlaşır

Azərbaycan Tibb Universiteti tam elektronlaşır Azərbaycan Tibb Universitetində (ATU) elektron universitetə keçid başa çatmaq üzrədir. Artıq bir sıra sahələrdə yeniliklər tətbiq olunub.
Qarşıdakı planlar və maraqlı layihələr haqqında Tehsil-press.az-a müsahibə verən ATU-nun İnformasiya sistemlərinin təşkili və idarəetmə mərkəzinin müdiri, tibbi fizika və informatika kafedrasının müəllimi Rəmzi Əliyev bildirib ki, elektron universitet sisteminin tətbiqi üzrə iki istiqamət üzrə işlər aparılır - proqram təminatı və texniki tərəf: "Texniki tərəfdən sistemin işini sazlamaq üçün universitetin nəzdindəki bütün binalara internet şəbəkəsi çəkilib, bütün kafedralardakı kompüterlər domenə salınıb. Bununla da mərkəzi idarəetmə sistemini yaratmaq mümkün olub. Universitetin iki binasında işlər tamamlanıb, digərlərində də qoşulma gedir. Bu layihə çərçivəsində yataqxanalara da internet çəkilişi işləri aparılır. Universitet nəzdində olan 1000-dən çox kompüterin əksəriyyəti son 3 ildə əldə edilib və kafedralara paylanılıb. Kompüterlərin bir hissəsi təmir etdirilib".
Yeniliklərdən biri olan elektron jurnalın tətbiqindən bəhs edən R.Əliyev deyib: "Elektron jurnal elektron universitetin sadəcə bir moduludur. Həmin proqram həm müəllimlərin işini asanlaşdırır, həm də şəffaflığın təminatına imkan verir. Əvvəla, standart qiymətləndirmə və dərs kateqoriyası yaradılır. Semestrin sonunda müəllimin imtahan keçirməsi, qiymət yazmasına ehtiyac qalmır. Çünki universitetdə tətbiq edilən aralıq qiymətləndirmə zamanı tələbələr İmtahan Mərkəzinə gedir. Yəni müəllimin aparacağı imtahanı İmtahan Mərkəzi keçirir.
İkincisi, hər semestrin sonunda müəllimlər davamiyyət balını, tələbələrin qaiblərini sayırdılar, sonra tədris tərəfindən verilən bir standarta uyğun olaraq onu hesablayırdılar. Tələbələrin sayı çox olduğundan, bəzən səhv nəticələr ortaya çıxırdı. İmtahan öncəsi ballar səhv yazıldığından, semestr, qiymətlər, təqaüd verilməsi gecikirdi. Bir sözlə, bütün sistem ləngiyirdi. Sonda tələbələr ziyan görürdü.
İndi isə həmin problemlər tamamilə aradan qaldırılıb. Sistem artıq özü balları hesablayır və məlumatı birbaşa dekanlığa göndərir. Kafedra müəllimlərinin semestrin sonunda kiməsə imtahanöncəsi bal göndərməsinə ehtiyac qalmır.
Üçüncüsü və ən əsası isə tələbələrin özləri də sistemə daxil olub həmin məlumatlarla tanış ola bilirlər. Hər bir tələbənin jurnalda fərdi kabineti var. Onlar sistemdə öz nəticələrinə baxa bilirlər. Əgər səhvən tələbəyə qaib, yaxud yanlış qiymət yazılsa, tələbə avtomatik olaraq onu görür və operativ müdaxilə ilə həmin səhvi düzəltmək olur".
Rəmzi Əliyev bildirib ki, hazırda Azərbaycan Tibb Universitetində xarici tələbələrin elektron qəbulu həyata keçirilir. İki mərhələli qəbul zamanı xarici vətəndaşlar admission.amu.edu.az səhifəsində qeydiyyatdan keçdikdən sonra "Skype" vasitəsilə müsahibə verirlər. Bu da xarici tələbələrin qəbul prosesinin sadələşməsinə və qısa müddətdə həyata keçirilməsinə imkan verir.
"Elektron universitet çərçivəsində tətbiq edəcəyimiz növbəti yenilik elektron kitabxananın tətbiqi ilə bağlı olacaq. Digər yeniliyimiz isə ATU-ya qəbul prosesinin elektronlaşmasıdır. Bununla bağlı ilkin fikirlərimiz var. Məsələn, elektron növbə sistemi yaradılacaq. Tələbələr universitetə qəbul olarkən onların məlumatları elektron jurnala əlavə ediləcək. Tələbə universitetə gələndə onun tələbə kartı, müqaviləsi və digər sənədlərinin hazır olması üçün xüsusi printerlər sifariş edilib. Bunun üçün qəbul imtahanlarından sonra Tibb Universitetini seçən abituriyentlərin elektron bazası universitetə gərəklidir. Həmin sistemin tətbiqi ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə ilkin razılaşma əldə olunub. İnanırıq ki, gələn ilin həmin yeniliyi tətbiq edə biləcəyik", - deyə R.Əliyev vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər