“Mehri və Vəfa” əsəri əlyazmalar xəzinəsinin nadir incisidir

“Mehri və Vəfa” əsəri əlyazmalar xəzinəsinin nadir incisidir Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümmi İsanın “Mehri və Vəfa” kitabının təqdimatı olub.
İnstitutdan təhsil-press.az-a bildiriblər ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik Teymur Kərimlidir. Nəşrin tərtibatçısı və “Ön söz”ün müəllifi bu elm müəssisəsinin ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifovdur.
Təqdimat mərasimində institut direktorun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov K.Şərifovun Yaxın Şərq ölkələrinin əlyazmalar xəzinəsində zaman-zaman gizli qalan əsərlərin üzə çıxarılmasındakı fəaliyyətindən danışıb. O, “Mehri və Vəfa”nın da nadir bir inci olduğunu bildirərək alimin kitab üzərində uzun müddət işlədiyini söyləyib.
K.Şərifov iki gəncin məhəbbətindən bəhs edən bu əsərin türk folkloru ilə bağlılığından söz açıb.
Professor Azadə Musayeva, filologiya elmləri doktoru İmamverdi Həmidov və başqaları K.Şərifovun elmi fəaliyyətindən, əsərin bədii məziyyətlərindən danışıb, “Mehri və Vəfa”nı ədəbiyyat tariximizə düşməyə layiq olan bir əsər kimi dəyərləndiriblər.

Təhsil-press.az

Oxşar xəbərlər