Müasir dövrdə səmərəli idarəetmənin problemləri araşdırılıb

Müasir dövrdə səmərəli idarəetmənin problemləri araşdırılıb Oktyabrın 27-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müasir dövrdə səmərəli idarəetmənin problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
ATMU-nun rektoru İlham Mədətov tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiklərini söyləyib, konfransın işinə uğurlar arzulayıb. Qeyd edilib ki, bügünkü tədbirdə müasir dövrdə səmərəli idarəetmənin problemləri araşdırılacaq və müxtəlif elmi məruzələr dinləniləcək.
Sonra ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov “Azərbaycanın dövlət idarəçiliyinin peşəkar kadrlarla təminatının tarixi haqqında” mövzusunda məruzə ilə çıxış edib.
E.Aslanov Azərbaycanın dövlətçilik tarixininin müəyyən məqamlarını xronoloji ardıcıllıqla diqqətə çatdırıb. Azərbaycan dövlətinin tarixində idarəçilik sistemindən, bu sahədə peşəkar kadrların hazırlanmasından, “qara qızılın insan kapitalına” çevrilməsinin əhəmiyyətindən danışıb.
Bildirilib ki, hələ keçmiş sovet dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yüzlərlə gənc Rusiyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilib. Bu gün həmin kadrlar Azərbaycan dövlətinin idarəçilik sistemində uğurla fəaliyyət göstərirlər.
Plenar iclasda “Xalq yaradıcılığında idarəetmənin keyfiyyət problemlərinə baxış”, “Müasir dövrdə təhsil sahəsinin investisiya təminatı və gəlirliliyinin təhlili” və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə müasir dövrdə göstərilən sahələrin idarəedilməsində yol verilən nöqsanların müəyyənləşdirilməsi, onların aradan qaldırılması yollarının müzakirə edilərək tətbiq üçün hazırlanması, idarəetmə sahəsində yeniliklərin tətbiqi istiqamətində perspektiv imkanların müzakirəsi, idarəedicilərə çatdırılması və digər məsələlərə diqqət yönəldilib.
Plenar iclasdan sonra konfrans işini müxtəlif bölmələrdə davam etdirib. Bölmə iclaslarında “Dövlətin və bələdiyyənin idarə edilməsi”, “Sosial-iqtisadi sahələrin idarə edilməsi”, “Təhsil və mədəniyyətin idarə edilməsi”, “Biznes idarəçiliyi, idarəetmədə hüquq problemləri”, “İdarəetmədə multikultural dəyərlər”,”Turizm və xidmət sahələrinin idarə edilməsi” və digər mövzularda ümumilikdə 22 məruzə dinlənilib.

ATMU-nun Mətbuat xidməti


Oxşar xəbərlər