“BP Azerbaijan” ali təhsil üçün tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib

“BP Azerbaijan” ali təhsil üçün tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib “BP Azerbaijan” şirkəti idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış 3 dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib. Bunlar şirkətin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü 10 beynəlxalq təhsil vəsaitindən ilk 3 dərsliyin tərcüməsidir.
Bu 3 dərslik beynəlxalq miqyasda ən geniş yayılmış kitablar arasındadır. Onlar yerli universitetlərdən və ekspertlərdən alınmış tövsiyələr əsasında seçilib. Bu kitabların seçilməsində başqa bir mühüm meyar isə bu dərsliklərin aparıcı beynəlxalq universitetlərin proqramlarında icbari təhsil vəsaiti kimi istifadə edilməsidir.
Sözügedən üç kitab aşağıdakılardır: İdarəetmənin əsasları – müəlliflər: Stiven P. Robbins, Meri Koulter və Devid A. DeSenzo; Siyasət Elmi: Giriş – müəlliflər: Maykl Rozkin, Robert L. Kord, Ceyms A. Mideyros və Valter S. Cons; Keys menecment – müəlliflər: Artur C. Frankel və Şeldon R. Gelman.
Kitabların təqdimat mərasimində çıxış edən “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Təhsilə dəstək bizim sosial fəaliyyətlərimizdə həmişə prioritet sahə olub. Biz başa düşürük ki, yerli universitetlərin tələbələri və müəllim heyətinə öz ana dilində dünyanın ən yaxşı akademik kitablarından istifadə edə bilmək imkanının yaradılması mühüm əhəmiyyət kəsb edir. Ötən il biz dünyanın ən yaxşı 3 iqtisadiyyat kitabının təqdimatını keçirdik və onlara olan yüksək maraq və tələbat bizi daha da həvəsləndirdi. Nəticədə biz qərara gəldik ki, ən yaxşı beynəlxalq ali təhsil materiallarının Azərbaycana gətirilməsi səylərimizi davam etdirək. İnanırıq ki, dünyanın ən yaxşı təhsil resurslarından istifadə imkanı yaratmaqla biz ali təhsil sektorunda tədrisin keyfiyyətinin artırılması və modernləşdirilməsi istiqamətində ölkədə görülən ümumi səylərə dəstək oluruq. Bu məqsədlə, biz ali təhsil müəssisələri üçün əhəmiyyətli olan on beynəlxalq dərslik və tədris materialının siyahısını müəyyənləşdirmişik. Qalan 7 kitabın 2020-ci ilin sonunadək Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsini planlaşdırırıq”.
BP-nin Azərbaycana gətirməyi öhdəsinə götürdüyü 10 dərsliyin siyahısına biznes, menecment və iqtisadiyyat, siyasi elm və media sahəsində beynəlxalq miqyasda tanınmış kitablar daxildir. Kitablar BP-nin yerli universitetlərə hədiyyəsidir, lakin yerli kitabxanalar və əlaqədar akademik institutlar vasitəsilə bütün maraqlı şəxslər üçün də əlçatan olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər