BMT-dəki Daimi Nümayəndəlik: Azərbaycan 20 Yanvar hadisələri ilə bağlı cəzasızlığa son qoymaqda qətiyyətlidir

BMT-dəki Daimi Nümayəndəlik: Azərbaycan 20 Yanvar hadisələri ilə bağlı cəzasızlığa son qoymaqda qətiyyətlidir Azərbaycan 20 Yanvar hadisələri ilə bağlı cəzasızlığa son qoymaqda qətiyyətlidir.
Bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, 2020-ci il yanvarın 20-də Azərbaycan “Qara yanvar”ın 30-cu ildönümünü qeyd edir:
“Bu gün minlərlə insan paytaxt Bakıda Şəhidlər Xiyabanını, müstəqil və çiçəklənən Azərbaycan uğrunda həyatlarını qurban verənləri ziyarət edir. 1980-ci illərin sonunda Azərbaycan xalqı qonşu Ermənistanın qanunsuz ərazi iddialarına, 200 mindən çox azərbaycanlının Ermənistandakı əzəli torpaqlarından zorla qovulması, təqib edilməsi və öldürülməsinə, Sovet İttifaqının Azərbaycan və onun ərazi bütövlüyü barəsində ədalətsiz siyasətinə qarşı etirazlarını bildirmək üçün Bakıya və digər iri şəhərlərin küçə və meydanlarına çıxdı. Buna cavab olaraq sovet hakimiyyəti xalqın azad iradəsini qırmaq üçün gücə əl atdı”.
Qeyd edilir ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə mərkəzi hakimiyyət və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin təşkil etdiyi ardıcıl təxribatlardan sonra sovet qoşunları Bakıya və digər iri yaşayış məntəqələrinə hücum etdi:
“Tammiqyaslı hərbi hücum nəticəsində 147 mülki şəxs həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz və istintaqsız saxlanılıb və ya həbs olunub. Sovet əsgərləri yaralıları edam edir, piyadalara, evlərə, mağazalara, tibb və digər müəssisələrə atəş açırdı. Bəzi hallarda tanklar, eləcə də digər zirehli texnikalar hərəkət edən və kənarda dayanan nəqliyyat vasitələrini əzir və ya atəşə tuturdu. Aydın seçilən təcili tibbi yardım maşınları atəşə tutulur, həkimlərin yaralılara yardım göstərməsinə əngəl törədilirdi. Bir çox mülki şəxslər öz mənzillərində, binaların girişində, avtobuslarda, iş yerlərində güllələnib. Hərbi gücdən istifadə edərək sovet rəhbərliyi Azərbaycan xalqını qorxutmağa, iradəsini qırmağa və respublikada kommunist idarə üsulunu saxlamağa ümid edirdi”.
Bəyanatda deyilir ki, “Qara yanvar” milli-azadlıq hərəkatına yeni təkan verdi:
“1990-cı il yanvarın 22-də 2 milyon insan Şəhidlər Xiyabanını ziyarət etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdi. Həqiqətən də, “Qara yanvar” təkcə faciə deyildi, həm də silahsız insanların totalitar rejim üzərində qələbəsi idi. 1990-cı ilin yanvarında qan axıdılmasını sifariş verən və icra edənlər hələ də cəzalanmayıb. Azərbaycan öz xalqına qarşı yönəlmiş mənfur cinayətə görə cəzasızlığa son qoymaqda və günahkarların məsuliyyətə cəlb edilməsində qətiyyətlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər