GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KEÇİRİLƏN SEMESTR İMTAHANLARI YÜKSƏK QİYMƏTLƏNDİRİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KEÇİRİLƏN SEMESTR İMTAHANLARI YÜKSƏK QİYMƏTLƏNDİRİLİB Gəncə Dövlət Universitetində təhsilin müxtəlif səviyyəsində əyani və qiyabi formalarda müvafiq ixtisaslarda təhsil alan tələbələrin qış semestr imtahanının təşkili prosesini müşahidə etmək üçün İctimai Şura baxış keçirmişdir.
Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil olunan baxışda AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Görüşün təşkilində əsas məqsəd auditoriyalarda imtahanların gedişini izləmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunmasını müşahidə etmək olmuşdur.
Əvvəlcə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov, Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva iştirakçılara universitetdə imtahan prosesinin mövcud qaydalara və normativ sənədlərə uyğunluğu, eləcə də zəruri hazırlıq tədbirləri barədə ətraflı məlumat vermişlər.
Qeyd edilmişdir ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə imtahan qərargahı, apellyasiya komissiyası və “qaynar xətt” yaradılmışdır. Müşahidəçilər universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apellyasiya komissiyası və “qaynar xətt”- in iş prinsipi ilə tanış olmuşlar.
Vurğulanmışdır ki, qərargahın yaradılmasında məqsəd imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verməkdir.
Sonda qonaqlar və media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşmüşlər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını qeyd etmişlər.

Tehsil-press.az


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KEÇİRİLƏN SEMESTR İMTAHANLARI YÜKSƏK QİYMƏTLƏNDİRİLİB

Oxşar xəbərlər