Əli Əhmədov: Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir

Əli Əhmədov: Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir Növbədənkənar parlament seçkiləri başa çatdı. Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir.
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində yazıb.
Ə.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi ilə partiyanın üzvlərini təbrik edə bilər:
"Qalib gəlmiş namizədlərimizi ürəkdən təbrik edirəm. Partiyamızın möhtəşəm qələbəsinə böyük töhfə vermiş çoxsaylı könüllülərimizə ayrıca təşəkkürümüzü bildirirəm. Partiyamıza və onun namizədlərinə, Prezidentimizin siyasətinə səs vermiş bütün seçicilərimizə minnətdarıq".
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.
Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Tehsil-press.az



Oxşar xəbərlər