Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında tələbə mübadiləsi üzrə əməkdaşlıq uğurla davam etdirilir

Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında tələbə mübadiləsi üzrə əməkdaşlıq uğurla davam etdirilir Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almağa başlayıb.
Tələbə mübadiləsi iki universitet arasında ötən il noyabr ayının 1-də imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində gerçəkləşib.
Mübadilədə iştirak üçün tələbə seçimi zamanı yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirak və digər bu kimi meyarlar əsas götürülüb.
MDU-nun mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Sübhan İsayev fevralın 17-də UNEC-də dərslərə başlayıb.
Bundan öncə, MDU-nun rektoru Şahin Bayramov mübadilə üçün seçilmiş tələbə Sübhan İsayev və onun valideyni ilə görüşüb.
Məzunu olduğu və uzun müddət çalışdığı təhsil ocağı barədə danışan Ş.Bayramov bildirib ki, Cənubi Qafqazın iqtisadyönümlü ən böyük universiteti olan UNEC ölkəmizdən kənarda filialı olan yeganə ali təhsil müəssisəsidir. Hazırda dörd dildə ali təhsil xidmətləri təqdim edən UNEC Avropa və Amerikanın aparıcı universitetləri ilə ikili diplom proqramları həyata keçirir. “Elektron Universitet” modelinin tətbiq olunduğu UNEC dünya universitetlərinin bir çox reytinqlərində öncül yer tutur və ölkəmizi beynəlxalq ali təhsil məkanında layiqincə təmsil edir.
Bu il 90 illik yubileyi qeyd olunan UNEC-də təhsil alacaq tələbəni təbrik edən Ş.Bayramov ona uğurlar arzulayıb. Tələbənin mübadilə müddətində MDU-nu layiqincə təmsil edəcəyinə əminliyini bildirən Ş.Bayramov onun iki universitet arasındakı əməkdaşlığın gələcək inkişafına töhfələr verə biləcəyini vurğulayıb.
Tələbə S.İsayev və onun valideyni UNEC-də təhsil almaq imkanının yaradılmasına görə təşəkkür ediblər.
Qeyd edək ki, MDU tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini hədəfləyən fəaliyyətində digər tərəfdaşlarla yanaşı, UNEC ilə əməkdaşlığa və bu ali təhsil müəssisəsinin yüksək potensialından faydalanmağa xüsusi önəm verir.
Bu baxımdan, ötən il imzalanmış əməkdaşlıq müqaviləsi iki universitet arasında tələbə və müəllim mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, ortaq elmi tədqiqatların aparılması, habelə birgə elmi konfransların təşkili, beynəlxalq layihə və proqramlarda birgə iştirak məsələlərini nəzərdə tutur.

Tehsil-press.az

Oxşar xəbərlər