UNEC onlayn idarəetməyə keçib

UNEC onlayn idarəetməyə keçib Distant təhsil modelini uğurla reallaşdıran Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) idarəetməni bütövlükdə onlayn sistemə keçirib.
Son beş ildə ali təhsil müəssisəsində qurulmuş e-Universitet modelinin idarəetmə modulu da tətbiq olunmağa başlanıb.
Rektor Ədalət Muradovun iştirakı ilə onlayn rejimdə keçirilən iclasda rektor 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən söz açaraq, 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlardan danışıb. Vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyevin ciddi təşəbbüsü və qərarı nəticəsində erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilib.
UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımda iştirakına və göstərdikləri sosial həmrəyliyə görə ali təhsil müəssisəsinin kollektivinə təşəkkürünü bildirib.
Qeyd olunub ki, mövcud durum nəzərə alınaraq, UNEC-in bütün fəaliyyəti onlayn təşkil edilib. Elektron universitet modelinin tətbiqi UNEC-in uğurudur. Bu model rektorluq və dekanlıqların onlayn fəaliyyətini, yay semestri də daxil olmaqla bütün dərslərin müəllimlərin yerləşdiyi məkandan interaktiv tədrisini, imtahanların onlayn təşkilini, təkrar ali təhsili və əcnəbilərin onlayn qəbulunu əhatə edir. Bununla yanaşı, onlayn olaraq kargüzarlıq işləri və sənəd dövriyyəsi təşkil və idarə edilir, elektron kitabxana, universitet əməkdaşlarının, tələbələrin suallarının cavablandırılması xidməti fəaliyyət göstərir. Həmçinin bu model müəllim və tələbələri bir platformada birləşdirən vahid kommunikasiya sistemini, UNEC-də fəaliyyət göstərən bütün komissiyaların onlayn fəaliyyətini, müəllimlərin reytinqinin müəyyən edilməsinin onlayn sistemini, məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə unec.edu.az və UNECNEWS saytlarını, eləcə də e-Universitetin fəaliyyətilə bağlı yarana bilən problemlərin operativ həlli məqsədilə onlayn servis xidmətini ehtiva edir.

Tehsil-press.az

Oxşar xəbərlər