UNEC: Fakültə katibliklərinə 361 müraciət daxil olub

UNEC: Fakültə katibliklərinə 361 müraciət daxil olub Aprelin 11-17-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fakültə katibliklərinə “qaynar xətt” üzərindən tələbələr tərəfindən 361 müraciət daxil olub.
Müraciətlər daha çox Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 13 aprel tarixli Qərarı ilə bağlı olub. Qərarın icrası ilə əlaqədar fakültə katiblikləri tərəfindən müraciətlərin qəbuluna növbəti həftədən başlanılacaq. 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqının ödənilməsi barədə müraciətlərin iyunun 1-dək, 2020/2021-ci tədris ilinin payız semestri üçün müraciətlərin isə dekabrın 1-dək qəbul edilməsi nəzərdə tutulur.
Bundan əlavə, digər müraciətlər “Coursera for Campus” və ACCA sertifikatlarının tanınması, buraxılış işinin müdafiəsi, istehsalat təcrübəsi, distant dərslərin videoyazısının tələbə kabinetinə yüklənməsi, yaz semestrinin imtahanları, yekun dövlət attestasiyası, təhsil haqqı barədə olub. 361 müraciətə aidiyyəti üzrə baxılaraq icrası üçün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, fakültə katibliyi fakültənin cari və inzibati fəaliyyətləri üzərində rəhbərliyi həyata keçirən struktur bölməsidir. Hazırda UNEC-in 6 fakültəsində müvafiq bölmələr 8500 tələbəyə xidmət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər