Pandemiyanın iqtisadiyyata təsiri haqqında onlayn müzakirələr aparılıb

Pandemiyanın iqtisadiyyata təsiri haqqında onlayn müzakirələr aparılıb Azərbaycan Universitetində növbəti pandemiya vebinarı Maliyyə və iqtisadiyyat kafedrasının təşkilatçılığı ilə keçirilib.
“Pandemiyanın iqtisadiyyata mənfi təsirləri və qarşısının alınması istiqamətində dövlət tədbirləri” mövzusunda vebinarı kafedranın müdiri Nəriman Böyükkişi aparıb.
Maliyyə və iqtisadiyyat kafedrasının professoru Rövşən Quliyev koronavirus pandemiyasının Azərbaycanın neft və enerji sektoruna təsiri, neftə tələbatın azalması və qiymətinin düşməsinə səbəb olan amillər, həmçinin pandemiyadan sonra ölkə iqtisadiyyatının dirçəldilməsi istiqamətində görülə biləcək işlər haqqında danışıb. Qeyd edib ki, Azərbaycan neftinin aviasiyada rəqibi yoxdur və sərnişin daşımalarının bərpasından sonra neft də öz dəyərini bərpa edəcək.
Vebinarda kafedranın müəllimləri Elmin Nurməmmədov, Gülanə İsayeva çıxış ediblər.
Çıxışlarda pandemiyanın Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə mənfi təsirləri rəqəmlərlə izah edilib. Diqqətə çatdırılıb ki, karantin rejiminin kölgə iqtisadiyyatına zərbə, elektron xidmət mədəniyyətinin formalaşması, yeni iqtisadi fəaliyyət növlərinin yaranması kimi müsbət təsirləri də müşahidə olunur.
Vurğulanıb ki, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində dövlət tədbirləri və sosial dəstək layihələri reallaşdırılır.
Vebinar mövzu ətrafında müzakirələrlə davam edib. Çıxış edənlər vebinara qoşulan müəllim və tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıblar.
Qeyd edək ki, növbəti vebinar bu gün Riyaziyyat və informatika kafedrası tərəfindən “Virtual ünsiyyətdən virtual təhsilə keçid” mövzusunda təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyən müəllim və tələbələr kafedra ilə əlaqə saxlaya bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər