Əfsun Sucayev: Aşqarlar Kimyası İnstitutunun alimləri müştərək beynəlxalq tədqiqatlara önəm verir

Əfsun Sucayev: Aşqarlar Kimyası İnstitutunun alimləri müştərək beynəlxalq tədqiqatlara önəm verir Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq Aşqarlar Kimyası İnstitutu da öz fəaliyyətini onlayn rejimdə davam etdirir.
Elmi müəssisənin rəhbərliyi tərəfindən fəaliyyət planı hazırlanıb və həmin plana uyğun olaraq müvafiq laboratoriya və şöbə rəhbərlərinə göstəriş verilib. Elmi müəssisədə təhsil alan magistrantların distant təhsilinə başlanılıb, aparıcı alimlər tərəfindən mühazirə və seminar dərslər videotəqdimatlarla təşkil olunur.
“Eyni zamanda, institutun II kurs magistrantlarının elmi-pedaqoji təcrübələri də distant yolla keçirilir, təcrübəçi magistrantların keçdiyi dərslərin geniş müzakirəsi aparılır. Onların diplom işlərinin yazılıb yekunlaşması üçün elmi rəhbərlər tərəfindən müvafiq onlayn məsləhət saatları təşkil olunur. II kurs magistrantlarımız magistr dissertasiya işləri ilə bağlı demək olar ki, təcrübi hissələrini başa çatdırıblar. Yalnız dissertasiya işini yazıb tamamlamaq lazımdır, bu da elmi rəhbərlərin onlayn məsləhətləri ilə tam mümkündür”, - deyə Ə.Sucayev qeyd edib.
O vurğulayıb ki, institutun elmi fəaliyyətində daha çox önəm verilən məsələlərdən biri də müştərək beynəlxalq tədqiqatlarla bağlıdır. Hazırda fundamental nəzəri tədqiqatlarla əlaqədar AMEA Aşqarlar Kimyası İnstitutu 4 beynəlxalq tədqiqat qrupu yaradıb. Həmin tədqiqat qruplarının hər biri ilə birgə həftə ərzində 2-3 dəfə “Skype”la videokonfranslar keçirilir: “2020-ci ilin Fəaliyyət Planında nəzərdə tutulan laboratoriya tədqiqatları yanvar-mart ayları ərzində yerinə yetirilib. İndi o tədqiqatların mühüm nəticələri əsasında məqalələr yazılır, "Web of Science”, “Scopus” bazasına daxil olan nüfuzlu jurnallara çapa göndərilir. Artıq bir məqalə çap olunub, 3 məqalə çapa qəbul edilib, 4 məqalə isə çapa göndərilib. Ümumilikdə bu müştərək tədqiqatların nəticələri ilə bağlı 10-15 məqalənin yayımlanması mümkün olacaq”.
Şura sədri bildirib ki, institutun alimləri tərəfindən 2 monoqrafiya və magistrantlar üçün 2 dərs vəsaitinin hazırlanması işləri davam etdirilir. Bu ilin may ayında AMEA-nın 75 və Aşqarlar Kimyası İnstitutunun yaranmasının 55 illiyi ilə əlaqədar bir sıra tədbirlər – elmi seminar və müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Əgər koronavirus pandemiyası ilə bağlı karantin rejimi uzadılarsa bu tədbirlər təxirə salınmayacaq, bu vacib tədbirlər onlayn rejimdə keçiriləcək.

Tehsil-press.az




Oxşar xəbərlər