Ümummilli Liderin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində onlayn müzakirələr keçirilib

Ümummilli Liderin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində onlayn müzakirələr keçirilib ADA Universitetinin tələbələri və ADA Məktəbinin şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videomüzakirələr keçirilib.
ADA Universiteti tələbələrinin iştirakı ilə keçirilən videomüzakirənin qonağı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva olub.
Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və beynəlxalq platformalardakı uğurlu çıxışlarından bəhs edən Qənirə Paşayeva bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın güclənməsində savadlı, peşəkar və xalqını sevən gənclərin vacib rol oynadığına inanmışdır.
Heydər Əliyevi bir çox xarici səfərlər zamanı müşayiət etdiyini nəzərə çatdıran Qənirə Paşayeva Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ səfərini xüsusilə vurğulayaraq, onun jurnalistlərlə müxtəlif mövzular ətrafında səmimi müzakirələr apardığını bildirib və Heydər Əliyevi jurnalistlərin dostu kimi qiymətləndirib.
ADA tələbələrinin suallarını cavablandıran deputat Heydər Əliyevin irsini öyrənməyin vacibliyini vurğulayıb.
“Heydər Əliyevin şəxsi keyfiyyətləri - əzmi, qətiyyəti, iradəsi, cəsarəti və uzaqgörənliyi onun lider kimi yetişməsinə səbəb olan vacib amillərdəndir”, - deyən Q.Paşayeva, gənclərə xalqımızın keçmişini dərindən araşdırmağı tövsiyə edib.
Onlayn müzakirənin moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Ümummilli Liderin gənclərimizə örnək olduğunu vurğulayıb və ADA tələbələri qarşısında xatirələrini bölüşən deputata minnətdarlığını bildirib.
Qeyd edək ki, ADA Məktəbində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş videomüzakirə təşkil olunub. Məktəbin müəllim və şagird heyətinin iştirakı ilə keçirilən onlayn görüşdə ABŞ-da nəşr edilən “Azerbaijan International” Jurnalının (“Azərbaycan Beynəlxalq” Jurnalı ) redaktoru, təcrübəli jurnalist Betti Bleyer Los-Ancelesdən (ABŞ) qoşularaq Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti ilə tanışlığından bəhs edib.
Qərb jurnalisti qismində Ümummilli Liderdən çoxsaylı müsahibələr alan B.Bleyer bildirib ki, Heydər Əliyevin əminliyi, onun ən çətin vəziyyəti belə idarə etmək bacarığı, intellektual səviyyəsi və fərqli şəxsiyyəti nümunəvi xarakter daşıyır.
“Azərbaycan Beynəlxalq” Jurnalının 1993-cü ildə nəşr edilən 16 səhifəlik ilk sayını şagirdlərə onlayn rejimdə nümayiş etdirən Betti Bleyer qeyd edib ki, jurnal İT resurslarının məhdud olduğu bir dövrdə böyük çətinliklərlə ərsəyə gəlib. B.Bleyer Heydər Əliyevlə görüşlərinin birində jurnalın bir nüsxəsini ona təqdim etdiyini söyləyərək bildirib ki, o, jurnalın hər bir səhifəsinə diqqətlə nəzər salmış və hər zaman jurnalın fəaliyyətinə dəstəyini nümayiş etdirmişdir.
ADA Universitetinin Akademik işlər üzrə prorektoru, onlayn müzakirənin moderatoru Vəfa Kazdal Betti Bleyerə ölkəmizin beynəlxalq ictimaiyyət nümayəndələri arasında tanınmasına verdiyi töhfələrə və ümummilli lider Heydər Əliyevlə bağlı dəyərli xatirələrini ADA Məktəbinin şagirdləri ilə bölüşdüyünə görə minnətdarlığını bildirib.
Sonda Məktəb şagirdlərinin suallarını cavablandıran jurnalist Bleyer onlara zəngin tarixə malik Azərbaycanın parlaq gəncləri kimi hər zaman öyrənməyi və inkişaf etməyi tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər