Ulu Öndərə həsr olunan virtual konfransa xarici ölkə universitetlərindən tezislər göndərilib

Ulu Öndərə həsr olunan virtual konfransa xarici ölkə universitetlərindən tezislər göndərilib Azərbaycan Dillər Universitetində (ADU) ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda III beynəlxalq elmi konfransın ünvanına kifayət qədər tezislər göndərilib.
Konfransın elektron poçtuna universitetin əməkdaşları, Azərbaycanın digər ali məktəbləri və elm ocaqlarından, eləcə də xarici ölkələrdən olan müəlliflər tezislər göndərib. Ümumilikdə 55 tezis toplanıb. Onlardan 20-si ADU əməkdaşlarının payına düşür. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının təqdim etdiyi tezislər yüksək qiymətləndirilib.
Həmçinin Özbəkistan Beynəlxalq İslam Akademiyası, Özbəkistan Dil, Ədəbiyyat və Folklor İnstitutu və Rusiyanın bir neçə təhsil müəssisəsindən tezislər daxil olub. Tbilisi Dövlət Universiteti, Rumıniyanın Yasski Universitetindən olan müəlliflər də konfransa tezis göndəriblər.
Tezislər ADU-nun Elm şöbəsinin əməkdaşları tərəfindən toplu halına salınaraq yaxın günlərdə çapa təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər