“Biz varıq və biz birlikdəyik” layihəsinin növbəti təqdimatı

“Biz varıq və biz birlikdəyik” layihəsinin növbəti təqdimatı Azərbaycanda professional xoreoqrafiya sənəti indiyə qədər klassik tədris ənənələri əsasında inkişaf etdirilib. Koronavirus pandemiyası səbəbindən tətbiq olunan karantin rejimi bu ənənələrə sadiqliyi sınaqdan keçirsə də, Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim və şagird-tələbə heyətləri tədris, elm və yaradıcılıq sahələrində müəyyən nailiyyətlər əldə edə biliblər. Təhsil ocağının professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və birlikdəyik” layihəsinin icrası davam edir və hər gün layihənin həm auditoriyası, həm təqdim edilən mövzuları, həm də mütəxəssislərinin sayı artmaqdadır.
Aprelin 15-dən start verilən layihə çərçivəsində keçirilən mühazirə, ustad dərsləri və təqdimatlar incəsənətin və sənətşünaslıq elminin müxtəlif sahələrini, eyni zamanda, bir çox mədəniyyət xadimlərinin həyat və yaradıcılığını əhatə edib.
Layihə çərçivəsində Klassik rəqs kafedrasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının pedaqoq-repetitoru, Əməkdar artist Yuri Lobaçov Şərqin ilk baleti haqqında - Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri barədə maraqlı təqdimat edib. O, əsərin yaranma tarixi, əsas partiyaları ifa edən ilk balerinalar - Xalq artistləri Qəmər Almaszadə və Leyla Vəkilova və onların ayrı-ayrı illərdə yaratdığı Gülyanaq surəti haqqında məlumat verib.
Qeyd edək ki, 1999-cu ildə Y.Lobaçov sözügedən balet tamaşasında Cahangir xan obrazını canlandırmağa müvəffəq olub və bu ona böyük şöhrət gətirib. Təqdimatda balet tamaşasından parçalar və müxtəlif səhnəciklər də yer alıb.
Layihə çərçivəsində görülən işlər Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook” səhifəsinin “Biz varıq və biz birlikdəyik” bölməsində təqdim olunur.

Tehsil-press.az

Oxşar xəbərlər