UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edilib

UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edilib UNEC-in rektoru, professor Ədalət Muradovun iştirakı ilə İctimai Nəzarət Şurasının üzvləri arasında onlayn müzakirə aparılıb.
Müzakirələrin məqsədi İctimai Nəzarət Şurasının üzvləri ilə distant tədrisin yekunu və distant imtahan sessiyasının müzakirəsini təmin etmək olub.
Milli Məclisin deputatları Hikmət Babaoğlu, Arzu Nağıyev, Etibar Əliyev, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun iştirakı ilə keçirilən görüşdə rektor Ədalət Muradov pandemiya dövründə UNEC-də təşkil olunan distant dərslər barədə məlumat verib.
UNEC Ekstern Mərkəzində başlanılan distant dərslərin karantin rejiminin tətbiqindən sonra evlərə köçürülərək davam etdirildiyini diqqətə çatdıran rektor, tədris ilinin əvvəlində nəzərdə tutulmuş akademik cədvəl əsasında gün ərzində 900-1100 distant dərsin təşkil olunduğunu, ümumilikdə isə tədris ilinin sonunadək dərslərin təşkilinin 100 faiz yerinə yetirildiyini deyib. Ə.Muradov virtual dərslərin videoyazılarının, mühazirələrin, tövsiyə olunan materialların siyahısının, eləcə də sınaq imtahanlarının və test suallarının tələbələrin şəxsi kabinetlərinə göndərildiyini bildirib.
Rektor imtahan sessiyasının təşkili qaydaları ilə bağlı tələbələrin mütəmadi olaraq məlumatlandırıldığını, imtahan mərkəzinin rəhbərinin, eləcə də bütün fakültələrin dekanlarının “Facebook” səhifələri üzərindən canlı yayımda tələbələrin suallarını cavablandırdığını qeyd edib. İmtahanlardan öncə tələbələrə sınaq imtahanlarının da keçirildiyini vurğulayıb.
UNEC-də imtahanların proktorinq sistemi əsasında aparılacağını deyən rektor, universitetin 420 əməkdaşına (proktorlara) imtahana nəzarət təlimlərinin keçirildiyini bildirib. Rektor distant təhsillə bağlı tətbiq olunan iki yeniliyi də şura üzvləri ilə bölüşüb. Ə.Muradov UNEC-də Distant Ali Təhsil üzrə Beynəlxalq Forumun təsis olunduğunu və xaricdə yaşayan nüfuzlu alimlərin iştirakı ilə birinci forumun keçirildiyini, eləcə də UNEC Distant Təhsil Tədqiqat İnstitutu yaradıldığını şura üzvlərinin diqqətinə çatdırıb.
Sonra imtahan mərkəzinin direktoru, dosent Söhrab İsayev imtahanlarda tələbələrə edilən güzəştlər və imtahan sessiyasının təşkili qaydaları haqqında məlumat verib.
Deputat Hikmət Babaoğlu pandemiyadan öncə də UNEC-də distant təhsil təcrübəsinin olduğunu və distant təhsilin tətbiqi zamanı İqtisad Universitetinin ölkə ali təhsil müəssisələri arasında öndə olduğunu bildirib. UNEC-in bu istiqamətdə təcrübəsinin təhsilimizə yeni keyfiyyət qazandıracağını deyib.
Osman Gündüz isə UNEC-də imtahanların təşkil olunmasını yüksək qiymətləndirərək, bunun universitetlərin reytinqi baxımından önəmli olduğunu diqqətə çatdırıb.
Pandemiyanın distant təhsillə bağlı təşəbbüslərin sürətli həllinə yeni imkanlar yaratdığını deyən Əliməmməd Nuriyev, İctimai Nəzarət Şurasının üzvlərinə UNEC-də distant imtahanları müşahidə etmək imkanı yaradıldığını yüksək qiymətləndirib. O, distant ali təhsillə bağlı qanunun hazırlanmasının vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə müsabiqə və qrant layihələrinin təşkil olunması təşəbbüsü ilə çıxış edib. Distant təhsil haqqında qanunların hazırlanması zamanı UNEC təcrübəsinin faydalı olacağını diqqətə çatdırıb.
Sahib Məmmədov isə deputatlara səslənərək, distant təhsil layihələrinin və qanunlarının hazırlanmasının əhəmiyyətndən söz açıb. UNEC-də distant imtahanların keçirilməsi mexanizminin müşahidə olunmasını yeni təcrübənin öyrənilməsi baxımından faydalı olacağını deyib.
Deputat Etibar Əliyev ölkədə distant təhsil mədəniyyətinin formalaşmasının vacibliyindən danışaraq, distant imtahanların təşkilində qarşılıqlı inam və etimadın əsas rol oynadığını vurğulayıb.
Məlahət Mürşüdlü isə UNEC-in hər zaman olduğu kimi, mövcud durumda da məqsədyönlü addımlar atdığını deyib. UNEC-də distant imtahan sessiyası zamanı şura üzvləri tərəfindən müşahidələrin aparılacağını bildirib.
Elşad Eyvazlı ölkə təhsilinin aparıcı qüvvələrindən olan cəmiyyətin distant təhsilə hazırlığı məsələsinə toxunub. Cəmiyyətin bu məsələyə adaptasiyası üçün distant təhsilin mahiyyəti haqqında dolğun məlumatların çatdırılmasının vacibliyindən danışıb.
Deputat Arzu Nağıyev UNEC-də təşkil olunan distant təhsil barədə Milli Məclisdə müsbət fikirlər səsləndirildiyini, bu təcrübənin parlament üzvləri tərəfindən yüksək qarşılandığını deyib. O, UNEC-lə yanaşı, Maliyyə İqtisad Kolecində də dərslərin distant təşkilinin yüksək səviyyədə aparıldığının şahidi olduğunu deyib.
Görüşün sonunda İctimai Nəzarət Şurasının üzvlərinə bütün fakültələr üzrə imtahan cədvəlləri göndərilib. Şura üzvləri iyunun 8-dən başlanacaq yazılı və şifahi distant imtahan sessiyasını izləmək üçün müvafiq linkə daxil olmaqla, cədvəl üzrə istənilən vaxt imtahanları müşahidə edə biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər