Bakı Slavyan Universitetində imtahanların onlayn keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb

Bakı Slavyan Universitetində imtahanların onlayn keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
İmtahan sessiyası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr, təlimat və tövsiyə məktublarında göstərilən tələblərə riayət olunmaqla onlayn formada təşkil edilir.
Universitetin rektoru, professor Nurlana Əliyeva 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara, Təhsil Nazirliyinin koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində tədris prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə göstəriş və tövsiyələrə uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb. İmtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələr tərəfindən edilən müraciətlərin çevik araşdırılması məqsədilə universitet rəhbərliyinin, eləcə də universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə gənclər təşkilatları və şuralarının, mətbuat xidmətinin və ictimaiyyətin nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. Qərargaha edilən müraciətlərə operativ yanaşma təmin edilib. Onlayn formatda təşkil olunmuş magistr dissertasiyalarının müdafiəsi zamanı qiymətləndirmənin nəticəsi ilə razılaşmayan magistrantların, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında yekun buraxılış dövlət attestasiyasından keçən məzunların, ÜOMG-yə uyğun aparılmış aralıq qiymətləndirmə ilə razılaşmayan I-III tədris ili tələbələrinin onlayn şəkildə imtahan vermələrinə şərait yaradılıb. Qiymətləndirmənin nəticələrindən narazı qalan tələbələr universitet üzrə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.
İmtahan sessiyası müddətində magistr dissertasiyalarının ixtisaslaşdırılmış müdafiə şuralarında onlayn formada müdafiəsinin təşkili məqsədilə ayrılmış otaqlar texniki vasitələrlə təchiz edilib, magistr dissertasiyalarının onlayn formatda təşkil ediləcək müdafiəsini həyata keçirən ixtisaslaşdırılmış müdafiə şuralarının və yekun buraxılış dövlət attestasiya komissiyalarının tərkibi mümkün qədər yaşı 65-ə çatmamış müəllimlərin sırasından müəyyənləşdirilib. Distant təhsilə qoşulmayan və qismən qoşulan tələbələr üçün avqustun 10-dan sentyabrın 10-dək ödənişsiz onlayn icmal mühazirələri, məsləhət saatları və seminarların təşkil olunması, onlayn dərslərə tam şəkildə qoşulduqları seminarlarda iştirak etdikləri halda tələbələrin aralıq qiymətləndirilmədən azad olunması nəzərdə tutulub. Həmçinin təkrar ali təhsil alan II-III tədris ili tələbələrinin istisnasız olaraq avqustun10-dan sentyabrın10-dək təşkil olunacaq ödənişsiz onlayn dərslərdə iştirakı təmin ediləcək. Bundan başqa, əmrdə onlayn dərslərə tam şəkildə qoşulduqları halda onların aralıq qiymətləndirilmədən azad olunmaları, həmin tələbələrin imtahan ballarının cari qiymətləndirmə ballarına bərabər tutulması, 1-2 akademik borcu olan məzunların akademik borclarının ləğv olunması, sentyabrın 10-14-də tələbələrə fənni (fənləri) təkrar dinləmədən ödənişsiz qaydada kredit borclarını ləğv etmək imkanının verilməsi, yaz imtahan sessiyası üzrə cari və aralıq qiymətləndirmə ballarının cəmi 90-a bərabər olan tələbələrin yekun balının 91 bal hesab edilməsi əksini tapıb.
İmtahan sessiyasında universitet rəhbərliyi tərəfindən tələbələrə yüksək güzəştlər edilməsini tələbələr razılıqla qarşılayıblar. Distant təhsilə qoşulan tələbələrin imtahanaqədərki fəaliyyətinin nəzərə alınması, bütün tələbə heyətinin onlayn dərslərə qoşulması üçün universitet tərəfindən bütün imkanların səfərbər olunması qarşıdakı tədris ilində tələbə və müəllimlərin distant tədris formasından daha səmərəli və sıx istifadəsi üçün ciddi motivasiya yaradır. İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyası ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara, irəli sürdüyü tələblərə uyğun olaraq BSU-da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davamlı həyata keçirilməsi, universitet əməkdaşlarının şəxsi gigiyena qaydalarına, sosial məsafə saxlamalarına ciddi riayət etmələri diqqət mərkəzində saxlanılır. İmtahan sessiyasının iyulun 10-da başa çatdırılması, yeni şəraitə və müvafiq qaydalara uyğun olaraq, yaz semestri üzrə aralıq qiymətləndirmənin növbəti tədris ilinin başlanğıcınadək aparılması nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər