Dendrologiya İnstitutunda yaşıllaşdırmada geniş istifadə olunan bitkilər üzərində tədqiqat işləri aparılır

Dendrologiya İnstitutunda yaşıllaşdırmada geniş istifadə olunan bitkilər üzərində tədqiqat işləri aparılır AMEA Dendrologiya İnstitutunda Abşeron şəraitində Biqnoniya fəsiləsinin “Chilopsis” cinsinə aid xətvarı çilopsis növü üzərində tədqiqat işləri aparılıb.
AMEA-nın müxbir üzvü Tofiq Məmmədov məlumat verib. Alim qeyd olunan növün Abşeron şəraitində çoxaldılması, cücərtilərinin morfologiyası, fenoloji inkişaf fazaları, boyartımı, çiçəkləmə və meyvə əmələgətirmə biologiyasının elmi əsaslarla öyrənildiyini və yaşıllaşdırmada istifadəsinin tövsiyə edildiyini vurğulayıb.
Qeyd olunub ki, “Chilopsis” cinsinə aid xətvarı çilopsis növü 2014-cü ildə ABŞ-ın Kaliforniya Botanika bağından gətirilib. Bu növün toxumlarının tədqiqatı Dendrologiya İnstitutunun təcrübə sahələrində aparılıb. Tədqiq olunan növ istənilən şəraitdə Abşeronun torpaq və iqlim şəraitində toxum və qələmlə çoxaldıla bilər. Məlum olub ki, Abşeron şəraitində xətvarı çilopsis növünün dinamik inkişafı aprelin birinci ongünlüyündən avqustun axırlarınadək, ikinci boyartımı isə sentyabrın ikinci ongünlüyündən noyabrın birinci ongünlüyünədək davam edir.
Bəzək bitkilərindən Asiyada və Avropada yaşıllaşdırılmada geniş istifadə olunan Biqnoniya (Bignoniaceae Juss. (1789), nom. cons.) fəsiləsinin çilopsis (Chilopsis D.Don) cinsinə aid xətvarı çilopsis (Chilopsis linearis (Cav.) Sweet) növünə respublikamızda müasir yaşıllaşdırmada rast gəlinmir. Halbuki bu bəzək bitkisinin respublikamızda çoxaldılması və yerli şəraitə uyğunlaşdırılması flora biomüxtəlifliyinin artmasına səbəb olar.
Tofiq Məmmədov bildirib ki, introduksiya işində və bəzək bağçılıqda növün tədqiqinin müvəffəqiyyətləri toxumun səpin və irsi keyfiyyətlərindən çox аsılıdır. Bu da yeni torpaq iqlim şəraitində növün mədəni əkin sahəsinin genişləndirilməsinə imkan yaradır. Xətvarı çilopsis növünün toxumları 24 saat ərzində stratifikasiya olunmaqla, Dendrologiya İnstitutunun təcrübə sahəsində yazda və payızda xüsusi substratla hazırlanmış sahələrdə 0,6-0,8 santimetr dərinlikdə torpağa səpilib. Səpilmiş toxumlara vaxtaşırı aqrotexniki qulluq göstərilib. Payızda səpilən toxumlardan aprelin üçüncü ongünlüyündə, yazda səpilən toxumlardan isə mayın ikinci ongünlüyündə ilkin cücərtiləri görünüb. Payız mövsümündə səpilən toxumlardan 39,1 faiz, yazda səpilən toxumlardan isə 16,4 faiz cücərti alınıb. Tədqiqat işində I-III illik bitkilərin kök sistemi təhlil edilib. Məlum olub ki, növün birillik nüsxələrinin əsas kökünün uzunluğu 6-8 santimetr, kök boğazının diametri 4 millimetrə çatır. Növün kök sisteminin belə intensiv inkişaf etməsi Abşeron şəraitində quru daşlı, enişli yamaclarda bitmələri üçün yaranan uyğunlaşmadır. Yəni uzun sürən təkamül prosesi nəticəsində оntogenezin başlanğıc mərhələsində yerüstü orqanların zəif inkişafı hesabına xətvarı çilopsis növünün kök sisteminin fəal formalaşması və xarici mühitin qeyri-əlverişli şəraitində qazanılmış əlamətdir. Aparılmış tədqiqatlar onu da göstərir ki, xətvarı çilopsis növünün Abşeron şəraitində 2-3 yaşdan gec оlmayaraq daimi sahəyə köçürülməsi məqsədyönlüdür. Abşeron yarımadasında xətvarı çilopsis növünün fenoloji inkişaf fazalarının başlanğıc və qurtarma müddətini bilmədən, onların yeni şəraitində aqrotexniki becərilməsini tənzimləmək mümkün deyil. Buna görə də tədqiqatımızda növün fenofazaların hərtərəfli öyrənilməsi qarşıya məqsəd qoyulub.
“Tədqiqat onu deməyə əsas verir ki, bu xətvarı çilopsis növü Abşeronun torpaq iqlim şəraitinə tədricən uyğunlaşıb. Növün Abşeronda yeni parkların, bağların, magistral yol ətrafının, bəzək memarlığı əsasında yaşıllaşdırılmada tək, qrup əkinlərində, canlı çəpərlərin salınmasında, rütubətli yerlərdə, eroziyanın qarşısının alınmasında istifadəsi məqsədyönlüdür. Bununla yanaşı, ədəbiyyat materiallarına görə xətvarı çilopsis növündən sənayedə müxtəlif əşyaların hazırlanmasında, çiçəklərindən hazırlanmış cövhərlər öskürəkdə, infeksion, göbələk, ürək-damar xəstəliklərində, açıq yaraların müalicəsində, bədəndə şəkərin tənzimlənməsində istifadə edilir. Xətvarı çilopsis növü Abşeronun torpaq iqlim şəraitinə davamlı olub, yerli şəraitə adaptasiya imkanlarına malikdir”, - deyə Tofiq Məmmədov qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər