ABŞ-da günlük yoluxmada rekord, Fransada 2-ci dalğa - Dünyada son vəziyyət

ABŞ-da günlük yoluxmada rekord, Fransada 2-ci dalğa - Dünyada son vəziyyət ABŞ epidemioloqları hökuməti koronavirusun qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır, BMT dünyada hərbi münaqişələrin ən azı üç ay dondurulmasını tələb edir, Fransa isə pandemiyanın ikinci dalğasına hazırlaşır.
Con Hopkins Universitetinin məlumatına görə, bu günə qədər dünyada 10,7 milyon insan koronavirusa yoluxub və onlardan 516 mini xəstəlik səbəbindən həyatını itirib. ABŞ pandemiyadan ən çox təsirlənən ölkə olaraq yoluxma və ölüm hallarının sayına görə birinci yerdə qərarlaşıb. Ötən gün ərzində isə ABŞ-da gündəlik yoluxma sayında rekord göstərici - 52 min yoluxma qeydə alınıb.
Texas, Florida və Kaliforniya ştatlarında epidemioloji vəziyyətin daha da ağırlaşdığı bildirilib. ABŞ-ın baş epidemioloqu Entoni Fauçi təcili olaraq önləmə mexanizmi tapılmazsa, epidemiyanın fəlakətlərə yol açacağını bildirib.
BMT Təhlükəsizlik Şurası pandemiyanın başlamasından bəri ilk qətnaməni qəbul edib. Bu qərar dünyanın bütün münaqişə tərəflərini COVID-19-un daha da yayılmasının qarşısını almaq üçün atəşkəsə çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq ölkələrinin koronavirusla mübarizədə bütün imkanlarının tükəndiyinə dair xəbərdarlıq edib. ÜST mütəxəssislərinin fikrincə, Suriya və Yəmən kimi münaqişə bölgələrində həkimlərin xəstəliyin yayılmasına nəzarət etmək üçün heç bir resursu yoxdur.
Fransa isə epidemiyanın ikinci dalğasına hazırlaşır. Ölkə hakimiyyəti şirkətlərə və təşkilatlara ən az 10 həftəlik maska ehtiyatı yığmağı tövsiyə edir. “Artıq növbəti tədris ilinin başlanmasına hazırlaşırıq və virusun geri qayıtmaq riski var” - deyə Fransa İqtisadiyyat və Maliyyə Nazirliyindən bildirilib.
Latın Amerikasında da yoluxma hallarının sürətlə artması müşahidə olunur. Xəstə və ölü sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdə olan Braziliyada 60 mindən çox insan koronavirusdan həyatını itirib.

Tehsil-press.az



Oxşar xəbərlər