Milli Azərbaycan Tarixi Muzeyində Osmanlının Məcidiyyə nişanı qorunur

Milli Azərbaycan Tarixi Muzeyində Osmanlının Məcidiyyə nişanı qorunur AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda Osmanlının 1851-ci ilə aid Məcidiyyə nişanı qorunur.
Günəş formasında olan gümüş nişanın yuxarı hissəsində beşguşəli ulduz və aypara, ondan aşağıda yeddibucaqlı şüalar olan ulduzun guşələrində yeddi aypara-ulduz, mərkəzdəki qırmızı minadan olan dairənin üzərinə qızılı rəngli ərəbcə yazılar – “səadət”, “qeyrət”, “hamiyyət” və “1268” (miladi təqvimlə 1851-ci il) həkk edilib. Nişan Osmanlı sultanı Əbdülməcidin hakimiyyəti dövründə təsis edilib. Dairənin daxilində Osmanlı tuğrasının təsviri, nişanın arxa tərəfində isə aypara daxilində yazılar vardır.
Qeyd edək ki, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinə hərbi kömək göstərmək üçün Qafqaz İslam Ordusu yaradılmışdı. Azərbaycanda həmin dövrdə təltif nişanları olmadığından azərbaycanlı hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. Hazırda Türkiyə Cümhuriyyətinin hərbi arxivlərində azərbaycanlı hərbçilərin təltifləri barədə məlumatlar olan sənədlər qorunur.

Tehsil-press.az

Oxşar xəbərlər