Biologiya və Tibb Elmləri Bölməsinin növbəti iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti iclası keçirilib AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi şurasının növbəti iclası keçirilib. İclas karantin qaydalarına riayət edilməsi, sosial məsafənin gözlənilməsi və elmi şuranın əksər üzvlərinin onlayn iştirakı ilə təşkil olunub.
İclası AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Əvvəlcə iclasda Azərbaycan Respublikasında mövcud olan su təminatı problemi müzakirəyə çıxarılıb. Akademik İradə Hüseynova iyulun 23-də Prezident İlham Əliyevin yanında videoformatda keçirilmiş və su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə müvafiq strukturlar, eləcə də AMEA qarşısında qoyulan vəzifələrdən, ölkə rəhbərinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”ndan danışıb. Qeyd edib ki, Tədbirlər Planının yerinə yetirilməsinin elmi təminatı məqsədilə AMEA-da İşçi qrup yaradılıb, müxtəlif təşkilatlardan təkliflərin toplanması həyata keçirilib. Ötən dövr ərzində Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının alim və mütəxəssisləri tərəfindən də xeyli sayda təkliflər hazırlanıb.
İclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Kənd təsərrüfatında suvarmada mövcud problemlər və su ehtiyatlarından səmərəli istifadə” və Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradovun “Azərbaycanın su ehtiyatlarının yaxşılaşdırılmasının və səmərəli istifadəsinin bioloji aspektləri” mövzularda məruzələri dinlənilib. Məruzələr ətrafında aparılan geniş müzakirələrdə akademiklər Qərib Məmmədov və Validə Əlizadə, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov, Novruz Quliyev, İbrahim Cəfərov, Tofiq Məmmədov, biologiya elmləri doktoru Elşad Əhmədov və başqaları fəal iştirak ediblər.
Sonra gündəlikdəki digər məsələlər müzakirə olunub. Akademik İradə Hüseynova AMEA-da magistratura təhsilinin təşkili ilə bağlı görülən işlərdən və bu istiqamətdə həyata keçirilən yeniliklərdən danışıb. O, bölmədə yalnız Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və Botanika institutlarında magistratura təhsilinin mövcud olduğunu bildirib və 2021-2022-ci tədris ili üçün qəbul sifarişlərini formalaşdırarkən bölmənin digər institutları üçün magistr hazırlığında bu üç institutun imkanlarından istifadə olunmasını tövsiyə edib.
İclasın gündəliyindəki digər məsələ BTEB-in institutlarında doktorantura və dissertanturaya növbəti qəbulun təşkili və keçirilməsi barədə olub. İnstitutlarda qəbul prosesinin yüksək səviyyədə və şəffaf şəkildə təşkili ilə bağlı tapşırıqlar verilib.

Tehsil-press.az


Oxşar xəbərlər