AMEA Yer Elmləri Bölməsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb

AMEA Yer Elmləri Bölməsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin AMEA Yer Elmləri Bölməsinin elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə görüşü keçirilib.
Tədbirdə Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar Yer Elmləri Bölməsi alimlərinin qarşısında duran vəzifələr müzakirə olunub.
Həmçinin ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında AMEA-nın elmi potensialından geniş istifadə olunmasının zəruriliyi qeyd edilib, elmi müəssisələrə ölkəmizin su ehtiyatlarının yeni məlumatlar nəzərə alınaraq müasir üsullardan istifadə olunmaqla yenidən qiymətləndirilməsi, əsas hidroqovşaqların yer seçimində relyef və müasir geomorfoloji proseslərin dinamikasının, geoloji və ekoloji risklərin araşdırılması, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” layihəsinin hazırlanması, “Elektron su təsərrüfatı” informasiya sisteminin yaradılması, alternativ mənbələrdən, o cümlədən Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin hazırlanmasına dair tapşırıqlar verilib.
Görüşdə Yer Elmləri Bölməsinin Elmi Şurasının sədr müavini, Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və başqaları iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər