Dövlət İmtahan Mərkəzinin nümayəndələri beynəlxalq onlayn təlimdə iştirak ediblər

Dövlət İmtahan Mərkəzinin nümayəndələri beynəlxalq onlayn təlimdə iştirak ediblər Qazaxıstanın paytaxtı Nur-Sultanda yerləşən Dövlət Qulluğu üzrə Regional Xab “Pandemiya dövründə dövlətlərin böhran kommunikasiyası” mövzusunda beynəlxalq onlayn təlim təşkil edib. Təlimin məqsədi COVID-19 pandemiyası dövründə dövlət qurumlarının kommunikasiya strategiyalarının təkmilləşdirilməsinə töhfə vermək olub. Tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, icraçı direktoru Vəfadar Misirov və Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn iştirak ediblər.
DİM-in nümayəndələri effektiv böhran kommunikasiya strategiyalarının hazırlanması və potensial çatışmazlıqların (xüsusən rəqəmsal rabitə) müəyyənləşdirilməsi, COVID-19 pandemiyası ilə əlaqədar onlayn informasiya trendlərinin müəyyənləşdirilməsi, daha geniş maarifləndirmə işlərinin aparılması məqsədilə sosial media vasitələrindən istifadə edilməsi mövzularında müzakirələrə qoşulublar. Tədbirdə COVID-19 pandemiyası ilə bağlı məzmunun yaradılması və saxta xəbərlər, miflərə qarşı mübarizə və arzu olunan ictimai gündəmin yaradılmasında yenilikçi yanaşma və vasitələrdən istifadə olunması mövzularında da müzakirələr aparılıb.
Təlim dövlət qurumları, yerli şirkətlər və mətbuat xidmətlərinin əməkdaşları, həmçinin böhran dövründə kommunikasiya bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Tədbirdə, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dövlət sektorundakı strateji və böhran kommunikasiyaları sahəsində təcrübəsi təqdim olunub.
Qeyd edək ki, Nur-Sultanda yerləşən Dövlət Qulluğu üzrə Regional Xab dövlət qulluğu sahəsində yenilikləri müzakirə etmək və qabaqcıl təcrübəni bölüşmək üçün dünyanın 40 ölkəsinin müvafiq qurumlarını birləşdirən vahid platformadır.

Tehsil-press.az

Oxşar xəbərlər