Rafiq Abbasov: ADU-nun Konfutsi İnstitutu Çin dili və mədəniyyətini yüksək səviyyədə təbliğ edir

Rafiq Abbasov: ADU-nun Konfutsi İnstitutu Çin dili və mədəniyyətini yüksək səviyyədə təbliğ edir Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin “Baharın ortası” ənənəvi Yeni il bayramını onlayn təşkil edib.
Tədbirdə Konfutsi İnstitutunun ötənilki fəaliyyətinə nəzər salınıb. Bu barədə iştirakçılara Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov məlumat verib. O qeyd edib ki, koronavirus (COVID-19) pandemiyası Konfutsi İnstitutunun fəaliyyətinə zərər gətirə bilməyib. İnstitutda dəfələrlə onlayn tədbir və seminarlar keçirilib, tələbə və müəllim heyəti ilə görüşlər təşkil olunub.
Onun sözlərinə görə, Konfutsi İnstitutu pandemiya şəraitində Çin mədəniyyətinin öyrənilməsində tövsiyələrin işlənib hazırlanmasına dair bir sıra tədbirlər görüb. İlk növbədə, Çin dili kursu üçün onlayn tədris rejimində proqram, metodik materiallar və videodərslərin ssenarilərinin işlənib hazırlanmasına başlanılıb. Çin dili və mədəniyyətini inkişaf etdirmək məqsədilə “Həmrəy olaq və gələcəyə inamla baxaq” devizi altında onlayn xəttatlıq müsabiqəsi təşkil olunub.
R.Abbasov 2020-ci ilin aprelində Azərbaycan-Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə həsr olunmuş elektron layihənin ərsəyə gəlməsini xatırladaraq, layihənin informasiya bazasında ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf istiqamətlərində fəaliyyətini əks etdirən elektron kitabların təqdim olunduğunu vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə bədii ədəbiyyat tərcüməçiləri müsabiqəsini təşkil edən Konfutsi İnstitutu qalibləri diplom və hədiyyələrlə mükafatlandırıb.
R.Abbasov, həmçinin onlayn fəaliyyət zamanı belə Çinin “Bir kəmər, bir yol” qlobal iqtisadi layihəsi çərçivəsində elmi araşdırmalar aparıldığını, eyni zamanda, Prezident İlham Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına yönələn çoxşaxəli fəaliyyəti barədə “İlham Əliyev - qədim xalqların müasir davamçısı (2003-2020)” elektron kitabının Çin və Azərbaycan dillərində hazırlandığını qeyd edib. Vurğulanıb ki, Konfutsi İnstitutu təkcə Çin dilini deyil, həmçinin bu ölkənin mədəniyyətini yüksək səviyyədə təbliğ edir. Buna nümunə olaraq “Çinin ənənəvi musiqisi” adlı onlayn layihəni, “Duan-u” bayramına həsr olunmuş poetik onlayn seminarı, “Çin dili körpüsü” beynəlxalq müsabiqəsini, “Çin yelpiyinin incəsənəti”, “Arşın mal alan” operettasının Çin tarixi”, “İki doqquzluq bayramı”na həsr olunmuş “Balaca vətənpərvərlər – Azərbaycanın böyük qurucuları”, “Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri”, “Azərbaycan rəssamlarının yaradıcılığında Çin”, Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş onlayn tədbirləri və seminarları qeyd etmək olar.
Konfutsi İnstitutu məktəbliləri də unutmayaraq, “Salam, Çin!” adlı silsilə onlayn seminarlarına başlayıb. Tədbirlərin təşkilatçıları tərəfindən Çin dili və mədəniyyətinə marağı olan məktəblilərə iki ölkənin təhsil əlaqələrinin səmərəli inkişaf tarixindən danışılıb, Azərbaycan-Çin əməkdaşlığının bu inkişafa, ən əsası da “Bir kəmər, bir yol”un uğurlu icrasına ciddi töhfə verəcəyindən bəhs edilib. Həmçinin məktəblilərə Çin mədəniyyətinin inciləri olan çay dəstgahı və Tay çi çuan ənənəvi döyüş sənəti haqqında ətraflı məlumat verilib, Çin sivilizasiyasının çoxəsrlik adət-ənənələrini əks etdirən “Böyük Çin” rəqsi canlandırılıb. Bundan başqa, Konfutsi İnstitutu “Koronavirus pandemiyasının psixoloji problemləri” mövzusunda müsabiqə keçirib, qalibləri diplom və mükafatlarla təltif edib.
Onlayn tədbirdə ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və Konfutsi İnstitutu tələbələri Çinin ənənəvi rəqsləri və müxtəlif musiqi nömrələrini, “Baharın ortası” bayramına həsr olunan şeirləri videoçarxlar formatında təqdim ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər