Şuşanın dağları

Şuşanın dağları Zəngin tarixi keçmişə, misilsiz təbiət gözəlliklərinə malik olan Şuşanın xalqımızın milli-mədəni sərvətləri sırasında çox böyük yeri var. Qarabağın tacı adlandırılan bu gözəl diyar həm də tarixi baxımdan dünənimizi bu günə daşıyan körpü, daş yaddaşdır. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi onun hər qarışını, yolunu, cığırını, döngəsini, dolayını öyrənmək baxımından da maraq doğurur.
Tarixçi-araşdırmaçı Nazim Tapdıqoğlu Şuşanın ətrafında olan bəzi yer-yurd adları barədə məlumat verib: “Şuşanın dağlıq hissəsində yerləşən Bağrıqan dağının adı ilə bağlı müxtəlif mülahizə və versiyalar var. Həmin oronimi bəzən “Günəşin doğması ilə dağın qırmızımtıl rəng alması” ilə izah edirlər. Mir Möhsüm Nəvvab onun barəsində belə bir rəvayət söyləmişdir: “Şuşa qalasının şərq tərəfində Bağrıqan deyilən bir uca qaya vardı. Ortada Avan Koxa adlı bir erməni yaşayırdı. O, tələbələrinə demişdi ki, harda əlinizə müsəlman düşsə, mənim hüzuruma gətirin. Avan Koxanın əmri ilə tutulmuş müsəlmanı cılpaqlayıb üzü üstə yerə yıxardılar, bundan sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla soyub boynundan qom ətinəcən iki tərəfdən xətt çəkirdilər. Dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətli budağına bənd edib budağı buraxardılar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağırtısı o dağa, ətrafa yayılardı. Bunu eşidib-görənin də bağrı qan-qan olardı. Elə buna görə də həmin qayaya Bağrıqan dağı adı vermişlər...”
Tarixçi-araşdırmaçı Şırlan kəndi yaxınlığında yerləşən Gəlin qayası haqqında isə belə deyib: “Onun adı ilə bağlı belə bir rəvayət var. Günlərin birində qucağında körpə olan bir gəlin çaya tərəf gəlir və körpəsi ilə ləpələrin arasında yuyunmaq istəyir. Birdən qayınatasının çaya tərəf gəldiyini görür. Gəlin həyadan Allah-Təalaya yalvarır ki. onu daşa, qayaya döndərsin. Onun yalvarışları eşidilir. İsmətli gəlin qucağında körpə daş, qaya parçasına çevrilir. O vaxtdan həmin qaya Gəlin qayası adlanır”.
“Şuşa şəhərinin 2 kilometrliyində yerləşən Dotələb dağının adını tədqiqatçılar müxtəlif cür izah edirlər. Qeyd edək ki, həmin təpədən Ağa Məhəmməd şah Qacar Şuşanı top atəşinə tutmuş və qalanın təslim olmasını tələb etmişdir.
Bəzi tədqiqatçılar onun adını fars dilindəki dü (iki) sözü ilə izah edirlər. Dotələbin şəhərə baxan tərəfindən yol qurtaran yerdə həmin nəqliyyat yolu iki istiqamətdə davam edir. Xanlıq zamanı hamar olan Dotələb dağında pəhləvanlar qurşaq tutub güləşərmişlər. Ona görə də bu dağ “Hünər meydanı” kimi də məşhur idi”,- deyə həmsöhbətimiz bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər