Cəlilabad Peşə Liseyinin bazasında müasir peşə təhsil mərkəzinin tikinti işləri sürətlə davam edir

Cəlilabad Peşə Liseyinin bazasında müasir peşə təhsil mərkəzinin tikinti işləri sürətlə davam edir Təhsil nazirinin müavini Cəlilabad rayonunda inşasına başlanılan Peşə Təhsil Mərkəzində aparılan yenidənqurma işləri ilə tanış olub.
Peşə təhsilinin maddi-texniki bazasının yüksəldilməsi və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası məqsədilə rayonda yerləşən Cəlilabad Peşə Liseyinin bazasında Peşə Təhsil Mərkəzinin tikinti işləri sürətlə davam edir.
Peşə təhsil mərkəzi 1000 tələbə tutumlu olmaqla, mebel istehsalı, avtomobil və kənd təsərrüfatı istiqamətində bacarıqlı kadr hazırlığını həyata keçirəcək. Mərkəzdə müasir təchizata malik 20-dən çox emalatxana, avtomobil servis mərkəzi, qaramal və toyuq ferması, istixana kompleksi kimi praktiki tədris sahələri yaradılacaqdır. Mərkəzdə, həmçinin tələbələrin istifadəsi üçün 200 nəfərlik yataqxana binasının və idman meydançasının inşası da nəzərdə tutulub.
Tikinti işləri aparılan Peşə Təhsili Mərkəzində görülən işlərlə, eləcə də tikintinin gedişatı ilə yaxından tanış olan təhsil nazirinin müavini İdris İsayev bununla bağlı müəyyən göstərişlər verib.
Sonra səfər çərçivəsində İdris İsayevin iştirakı ilə təhsil müəssisəsinin tələbə və müəllim kollektivi ilə görüş keçirilib. Nazir müavini təhsilin cəmiyyətimizin inkişafında əsas rol oynadığını və təhsil sahəsinin daimi olaraq dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. O bildirib ki, müasir dövrdə regionlarımızda gənclərin məşğulluğu və yerli müəssisələrin ixtisaslı kadrlarla təminatı baxımından peşə təhsilinin inkişafı bundan sonra da önəmli yet tutacaq: “Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də məhz ən vacib istiqamətlərdən biri rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Peşə təhsili sistemində təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə edən, əmək bazarının tələblərinə cavab verən, yüksəkixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanması qarşımızda duran ən mühüm vəzifələrdən biridir”.
Görüş zamanı son illərdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan danışılıb, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulan məqsədlərin reallaşdırılması sahəsində peşə təhsilinin vacibliyi vurğulanıb. Həmçinin pandemiya dövründə tədrisin təşkilinin yaratdığı çətinliklərdən və mövcud vəziyyətdən çıxış yollarından danışılıb.

Tehsil-press.az


Oxşar xəbərlər