Azərbaycan Dövlət Pedaqoji Universitetində dəyirmi masa: Bu gün təhsildə nələr dəyişməlidir

Azərbaycan Dövlət Pedaqoji Universitetində dəyirmi masa: Bu gün təhsildə nələr dəyişməlidir Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi yanında İctimai Şuranın “Bu gün təhsildə nələr dəyişməlidir” mövzusunda dəyirmi masası keçirilib.
Tədbiri açan universitetin rektoru, professor Cəfər Cəfərov ali təhsil müəssisəsində son 5 ildə aparılan islahatlar və keyfiyyət dəyişikliklərindən danışıb. Rektor ADPU tələbələrinin yüksək akademik göstəricilər, universitet məzunlarının müəllimlərin işə qəbulu imtahanlarında əldə etdikləri yüksək nəticələr haqda statistik məlumatları diqqətə çatdırıb. O, həmçinin ADPU-nun 100 ilin elm məbədi kimi ölkənin təhsil və pedaqoji sferasında oynadığı rolu xüsusi vurğulayaraq hazırda universitetin Bakıdakı 4 kampusu və bölgələrdəki 5 filialı ilə böyük şəbəkəyə malik olduğunu qeyd edib. 100 ilin ənənələrinin müasir dövrün tələblərinə uyğun yaşadılması və ADPU-nun tədqiqat universitetinə çevrilməsi üçün aparılan sistemli işlərdən bəhs edən rektor son zamanlar universitetdə inzibati və pedaqoji vəzifələrin tutulmasında şəffaf seçkilər üsulunun tətbiq edildiyini vurğulayıb.
Professor Cəfər Cəfərov pandemiya dövründə ADPU-da tədrisin məsafədən təşkili ilə bağlı görülən işlər və tədrisin rəqəmsallaşdırılması sahəsində əldə olunan uğurlardan danışıb.
Tədbirdə İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, təhsil nazirinin müşaviri Elnur Nəsibov, İctimai Şuranın üzvləri, universitet nümayəndələri mövzu ətrafında çıxışlar edib, müzakirələr aparıblar.
Çıxışlarda belə tədbirlərin digər ali təhsil müəssisələrində də keçirilməsinin vacibliyi qeyd olunub. Pandemiya dövründə təhsilin bütün səviyyə və pillələrində ADPU-nun fəaliyyəti yüksək qiymətləndirilib. Həmçinin ADPU ilə İctimai Şura arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
Dəyirmi masada təhsil sahəsində gedən qlobal dəyişikliklərdən, bu məsələyə Azərbaycan dövlətinin strateji yanaşması və təhsilə dair dövlət proqramları haqqında məlumat verilib. Son bir ildə pandemiya ilə bağlı yaranan vəziyyətdə distant təhsil texnologiyalarının tətbiqi məsələlərindən danışılıb.
Sonda rektor Cəfər Cəfərov çıxış edərək ümumi orta, orta ixtisas və ali təhsilin spesifik məsələləri ilə bağlı səslənən bütün təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər