Həyatın poetikasını duyan alim

Həyatın poetikasını duyan alim Ötən ilin son günlərində Azərbaycan elmi ictimaiyyəti ağır bir itki yaşadı: folklorşünas alim, Əməkdar elm xadimi, Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev onun dəyərini bilib də qiymətləndirən insanları tərk etdi.
Bir çoxlarının, elə mənim də yaddaşımda zəhmətkeş və istedadlı alim, yaradıcı və müdrik müəllim kimi həmişəlik yaşayacaq Kamran Əliyevin fiziki yoxluğunun isə yeganə təskinliyi var. Sokrat o cür insanların həyatdan getməsindən üzülənlərə belə təsəlli verirdi: “Yaxşı insanlar üçün nə sağlıqlarında, nə də ölümlərində pis heç nə olmur”.
Kamran Əliyevi tanıyanların yadında o, əbədi olaraq yaxşı adam kimi qalacaq. O, insanlığı, yaradıcılığı və yaşadığı ömrü ilə unikal simmetriyanın vəhdəti simvolu kimi unudulmayacaq.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın “Həyatın poetikasını duyan alim” sərlövhəli məqaləsində yer alıb. Həmin məqaləni təqdim edirik.
Kamran Əliyev arabir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində ustad dərsləri aparırdı və o dərslərin müdavimi olan hər kəs, professor-müəllim heyəti və tələbələr üçün o, müəllimliyin ölçü etalonu kimi qəbul edildi və elə, hamının yadında da bu cür qaldı.
Həmin etalonu müəyyənləşdirən təkcə o deyildi ki, Kamran müəllim tədris etdiyi mövzu – “Kitabi-Dədə Qorqud” dastanının etnopoetikası barədə aydın və obrazlı danışırdı, heç onun fikrinin aydınlığını ifadə edən natiqlik məharəti də auditoriyanın sehrlənməsində aparıcı rol oynamadı, professor, demək olar ki, hamının yaxından bələd olduğu boylarda hər kəsin görə bilmədiyi poetik çalarların bütövləşdirdiyi mənzərəni, sadəcə, təqdim edirdi. O, izah edirdi ki, bədii düşüncənin məzmun və ifadə planı aid olduğu etnosun təbiətindən kənarda deyil. Əslində, etnopoetika bədii düşüncə ilə etnosun təbiəti arasındakı əlaqə və təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamətlərini meydana çıxaran elm sahəsidir.
Kamran müəllim sözlərin naxışlarını tapırdı və onların harmoniyasının yaratdığı cazibədarlıqla öz auditoriyasını, sözün birbaşa mənasında, ovsunlayırdı.
Bu, gözəlliyin yaratdığı əfsun idi və həmin əfsunu şərtləndirən amilləri XX əsrin ən məşhur elm insanlarından biri, yaddaşlarda genetikanın baza prinsiplərini elan edən Hardi Qanunudan daha çox riyaziyyatın estetikası haqqında yazdığı esse ilə qalan Harold Hardi bu cür təqdim edirdi: “Riyaziyyatçının naxışları da bir sənətkarın və ya bir şairin naxışları kimi gözəl olmalıdır; rənglər və ya sözlər kimi fikirlər harmonik şəkildə birləşdirilməlidir. Gözəllik ilk meyardır: dünyada isə çirkin riyaziyyata yer yoxdur”.
Təkcə azərbaycanlıların deyil, bütün oğuz türklərinin mənəvi dünyasının ifadəsi olan elementlər professor Kamran Əliyevin təqdimatında yaranan mənzərələr belə idi: canlı və gözəl.
O deyirdi: Bədii düşüncə harmoniyadır və təklikdə harmoniya yoxdur. Misra tənhalığının əzabından qurtaran şeir qoşa misranın ölçü bərabərliyi və ritm uyarlığı ehtiyacı hiss edəndə isə fövqəladə bir kəşf edilir. Etnosun doğma dilinin qrammatik quruluşu üçün son dərəcə səciyyəvi olan heca həm ədəbi ölçü vahidi, həm də ritm əsası kimi seçilir!
O, bu ölçü vahidini başlıca prinsip kimi qəbul edərək “Açıq kitab – Dədə Qorqud”da buna görə xüsusi olaraq vurğulayırdı: “Bir məsələyə aydınlıq gətirək ki, “Kitabi-Dədə Qorqud”un Vatikan və Drezden nüsxələrində mətn ardıcıl formadadır, yəni həmin mətnlərdə nəsr və şeir bir-birindən ayrılmamışdır”.
Kamran Əliyev Azərbaycan romantizmini əsas tədqiqat obyektinə çevirən alimlərimizdəndir. O, ömrünün 50 ilini ədəbiyyata və ədəbiyyatşünaslığa verərək çıxdığı yolda öz şəxsi həyatı ilə insan ömrünün poetikasını yaşadı. Bir vətəndaş, alim, bu xalqın oğlu olaraq onun təfəkkür və mənəviyyat ölçüsünü müəyyənləşdirən sözün, o sözlərin ifadəçisi olduğu fikirlərin ən alt qatına qədər gedib çıxmaqda qərarlı idi. Azərbaycan ədəbiyyatında romantizmin ən görkəmli və məhsuldar tədqiqatçılarından biri, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında eposun poetikasına qoşularaq xalqımızın ən böyük, maddiləşmiş mənəvi qalası olan dilimizin işığı ilə o yolları gedə bildi.
XX əsr Azərbaycan romantizmini əsas tədqiqat obyektinə çevirən Kamran Əliyevin həm namizədlik, həm də doktorluq dissertasiyası Azərbaycan romantizmi barədədir. Hesab edirik ki, elmdə araşdırdığı mövzular bir şəxsiyyət olaraq can atdığı, xalqının ictimai-siyasi təfəkkürünün formalaşmasında əsas nur mənbəyi, qaranlığın içərisində közərən işıq saydığı insanların və onların romantizmində təsəvvür edilən, canlanan gələcəyin olması təsadüfi deyildi. Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Cavid, Abdulla Şaiq, Abdulla Sur, Abdulla Divanbəyoğlu, Səid Səlmasi və digərlərinin yaradıcılığı əsasında Azərbaycan romantizminin bədii, poetik sistemin təhlili bu ədəbiyyat adamlarının cəmiyyətin lokomotivi kimi təsdiqinə cəhd deyildi. Bu, işıqlı insanların cəmiyyət üçün niyə gərəkli olduğuna ətrafındakıları inandırmaq zərurəti idi.
O, Azərbaycan romantizminin təşəkkül mərhələsini milli mətbuatımızın inkişaf tarixi ilə bağlayır: “Mətbuat hər şeydən qabaq ədəbiyyatın, ədəbi fikrin inkişafına güclü təkan vermiş, həm də ilk Azərbaycan qəzeti “Əkinçi”dən fərqli olaraq, XX əsr qəzet və jurnallarının ideya istiqaməti daha çox ictimai-siyasi, fəlsəfi-estetik, ədəbi-nəzəri mülahizələrin meydana çıxarılmasına yönəldilmişdi”.
Bu, milli təfəkkürün romantizmdə nəzəri-estetik xüsusiyyətləri aşkara çıxarmaq və ictimai təfəkkürün yeni, heç vaxt olmamış milli yol düşüncəsi ətrafında formalaşmasına diqqət ayıran tənqidi baxışlar idi. O baxışların milli mətbuatda intişar tapması Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqveridyev və başqalarının “Molla Nəsrəddin” jurnalı və digər nəşrlərdə dərc edilən əsərləri ilə başladısa da, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və digərlərinin yaradıcılığında davam etdirildi. Bu iki amilin sintezi kimi, XX əsrin əvvəllərində Azərbaycan romantizmi özündə ümummilli ideyaların transformasiyasını əks etdirirdi. Azərbaycan ədəbiyyatşünaslığında haqlı olaraq ortaya atılmış bu nəzəriyyəni əsaslandırır və onu ədəbiyyatımızın ənənələri ilə bağlayır, tarixi köklərin paralellərini aparırdılar. Bu fikirlər 50-ci illərdən başlayaraq Məmmədcəfər Cəfərov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Abbas Hacıyev və digər ədəbiyyatşünasların yazılarında vurğulanırdı. O romantizmin mahiyyətini müəyyənləşdirən mənəvi-əxlaqi prinsipləri ədəbi-nəzəri görüşlərdə sistemli və ardıcıl olaraq ifadə edən tədqiqatçılardan biri isə Kamran Əliyev oldu. Bu cəhətdən, klassik şairlərimizlə XX əsr Azərbaycan romantikləri arasındakı qırılmaz bağlılıqları o, Nizami Gəncəvi ilə Məhəmməd Hadi yaradıcılığında axtarırdı. O bağlılıqdan söhbət gedir ki, hələ 1947-ci ildə Əziz Mirəhmədov bu barədə yazırdı: “Nizaminin həm məzmun, həm də həcm etibarilə zəngin ədəbi irsi içərisində Hadinin ən çox sevdiyi dahi sənətkarın azad və məsud cəmiyyət barədə xəyalları, zülm və istibdada qarşı alovlu etirazları, maarifçi və əxlaqi-tərbiyəvi parçalar, nəhayət, sənətin böyük vəzifələrinə dair mülahizələri idi”.
Professor Azərbaycan romantizminin ürəkdə və şüurda parlamasını təsadüflərdən doğan zərurətlərlə izah etmirdi. O, tarixi zərurətin böyük hadisələr üçün yetişdirdiyi Azərbaycanın poeziya və nəsrində gedən prosesləri bir-birindən ayrı təsəvvür edilməsinin qeyri-mümkünlüyünü ədəbi faktlar əsasında təsdiq edirdi. Bu ədəbi faktların içərisində isə XIX əsrin 60-cı illərində Şərq islam dünyasının təkzibedilməz böyük amallar daşıyıcısı Mirzə Fətəli Axundovun təkcə ədəbi deyil, ədəbi-tənqidi irsi məxsusi yer tutur. Buna görədir ki, Kamran Əliyev XX əsr Azərbaycan romantizminin qaynaqlarından biri və ən başlıcası kimi onu göstərirdi: “XX əsr Azərbaycan romantikləri Mirzə Fətəli Axundov irsindən çox şey öyrənmiş və hətta ədəbi mülahizələrində onun fikirlərini davam etdirmişdir. Şübhəsiz ki, bu da Axundov irsinin obyektiv xarakteri, mütərəqqi istiqaməti, nəzəri yüksəkliyi ilə bağlı olan məsələdir”.
O, fikrini əsaslandırmaq üçün Mirzə Fətəli Axundovun “Mirzə Ağanın pyesləri haqqında kritika” məqaləsindən sitat gətirir. Həmin məqalədə isə XIX əsr Azərbaycan ictimai fikir dünyasının şəriksiz mütəfəkkiri Mirzə Ağanın şəxsində müasiri olan ədəbiyyat adamlarına üz tutur, onlara proqressiv mövzulara müraciət etməyin zərurəti barədə tələbatları xatırladırdı: “Gülüstan” və “Zinətül-məclis” dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – dram və romandır”.
Bu baxışlarında Mirzə Fətəli Axundov müasiri və onlardan sonra gələcək ədəbiyyat adamlarını birinci növbədə milli, ümumilikdə isə bəşəri ideyaların generatoru olmağa səsləyirdi. Mütəfəkkir, ədəbiyyatın fəlsəfəsini bunda görürdü.
Azərbaycan ədəbiyyatında realizmin banilərindən birinin dramaturgiyası, nəsri və ədəbi tənqidində XX əsr romantizminin şölələrini ilk görənlərdən biri Kamran Əliyev Azərbaycan romantizminin nəzəriyyəsini fundamental, elmi əsaslara söykənərək yazan ədəbiyyatşünas alimlərdəndir. O, Axundovun romantizmini milli şüur ocağının körüyü hesab edirdi. Onun nəzəriyyəsində romantizmi ədəbi cərəyan olaraq Azərbaycan ədəbiyyatına gətirən və bərqərar edən faktorlar, onun ictimai-siyasi şüura adekvatlığı, həmin şüurda mövcud və arzulanan cəmiyyətin konfiqurasiyasındakı detallar açıqlanır. Bu romantizmin parlaq nümayəndələrinin nümunəsində – “əsarət zəncirinə bağlanmamaq” üsyankarlığını bütün yaradıcılığı boyu əks etdirən və cəmiyyəti də o üsyana səsləyən Hüseyn Cavid, ruhunun dadmaq istədiyi azadlığın dalınca İstanbula gedən, lakin orada gördüklərindən sarsılaraq “istibdadından çıxıb geniş nəfəs almaq, azad həyat keçirmək üçün gəlmişdim, fəqət burada həmin istibdadı bir az da artıqlığı ilə görüncə səbri tükənən”, “millətinin imzasını imzalar içində görmək istəyən” Məhəmməd Hadinin şəxsində gəldiyi elmi qənaətlər inandırıcıdır. O qənaətlərin mayası isə Hadinin “Türklərin ilk səltənəti” məqaləsindəki Tofiq Fikrətdən nümunə gətirdiyi bir şeir parçasında görünür:

Yüksəlməli, toxunmalı alnın səmalərə,
Doymaz bəşər dedikləri, qoş etilalərə.
Namiq Kamal bəy də demişdir ki:
Yüksəl ki, yerin bu yer deyildir,
Dünyaya gəliş hünər deyildir!


XX əsr Azərbaycan romantizmini Hüseyn Cavid və Məhəmməd Hadi yaradıcılığının nümunəsində təhlil edən Kamran Əliyev Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Divanbəyoğlu və digərlərinin əsərlərindəki işığın mənbəyi axtarışını uğurla tamamlaya bilir. O mənbənin ilk növbədə xalqın evolyusion təfəkkürünün məhsulu olduğuna əminliyi şərtləndirən amillərdən biri isə xalqın dünyagörüşünü özündə ehtiva edən folklor nümunələridir. Bu, həm də folklorşünas Kamran Əliyevin irəli sürdüyü hipotezdir.
Onun üçün ədəbiyyat – ancaq insan mənəviyyatının ölçüsü deyil, o, həm də həmin mənəviyyat divarının “şaqul-tərəzisi”dir.
Buna görədir ki, ədəbiyyatşünas Kamran Əliyev o “mənəviyyat divarı”nın ucaldılmasında başlıca “material” olan sözə qarşı həssasdır və bu həssaslığı ancaq onun ədəbi-tənqidi əsərlərində yox, heç, “Yalquzaq” povestində də deyil, istənilən yazısında müşahidə etmək mümkündür. O yazırdı: “Ana dili, ədəbi-bədii dil problemləri yalnız dilçilik və ədəbiyyatşünaslıq tarixində deyil, həmçinin ictimai fikir tarixində də mühüm yer tutur, xalqın dilinə münasibəti məhz həmin xalqın taleyinə münasibəti deməkdir”. O, hesab edirdi ki, bədii əsərin dil xüsusiyyətlərini araşdırmaq ayrıca problem olduğu kimi, söz və dilə yazıçı münasibətini tədqiq etmək də başqa bir problemdir. Yeri gəlmişkən, burada qeyd edilən ikinci məsələni daha aktual sayan Kamran Əliyev haqlı olaraq hesab edirdi ki, söz və dilə yazıçı yanaşması dilin gələcək taleyində mühüm rollardan birini oynayır. O, haqlı olaraq hesab edirdi ki, “xammalla işləyən” sənətkarın sözə diqqət və marağının, onun yaradıcılıq psixologiyasının müəyyən tərəflərini öyrənmək baxımından ikinci problem daha böyük, daha ciddi məzmun kəsb edir.
Milli Elmlər Akademiyasının müxbir üzvünün dilçi alimlərin bu problemə həsr edilmiş əsərlərinə, ayrı-ayrı elmi məqalələrinə reaksiyası da o məsələlərin elmi ictimaiyyətdə aktuallığı saxlamağa yönələn addımlar idi. Onun ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə dilimizə və paralel olaraq dilçilik elmimizə göstəridiyi qayğıya cavab olaraq yazılan “Müasir Azərbaycan dili” çoxcildliyinin müəlliflərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı Yusif Seyidovun “Sözün şöhrəti” əsəri ilə bağlı yazısı da həmin addımlardan biri idi. O yazısında Kamran Əliyev kitabın məziyyətlərini saymaqla bərabər, dilçilik elminin patriarxlarından birini xatırladırdı: “Hər hansı bir sözün törənişini, bu inamın mənşəyini araşdırmaq... Onların xalqın mifoloji təfəkkürü ilə əlaqələrini müəyyənləşdirmək, uzaq tarixin yaddaşı ilə bugünkü və sabahkı oxucunu inandırmaq o qədər də asan vəzifə deyildir”.
Kamran Əliyevin sözə baxışı, onun “törənişindəki inam”ın mənşəyinə qədər gedib çıxmaq istəyi dilə vurğunluğu ilə bağlı idisə, digər istəyi milli dövlət anlayışı dərk olunan həqiqətə çevrilənə qədər insan şüurunda mücərrəd məfhum kimi mürgüləmiş o həqiqəti ayıq-sayıqlığa çağırışı idi.
Təbiətdə və cəmiyyətdə baş verən bütün hadisələri elmi əsası olmadan hansısa baxışlarla izahını məqbul saymayan professor, milli dövlətçilik dəyərinin başlıca nüvəsini sözdə görərək yazırdı: “Heç də asan olmayan bir təfəkkür hadisəsi – milli dövlət anlayışının öz mücərrəd qabığından çıxaraq konkretləşməsi çox böyük tarixi prosesin nəticəsi ola bilər. Şübhəsiz, bu proses maarifçilik dərslərindən, milli-mənəvi dəyərlərdən, xalqın milli mənlik şüurunun artmasından keçib gedən canlı həyat hadisəsidir”.
İçindəki yaz arzuları ilə yaşayan Kamran Əliyev o “canlı həyat hadisəsi”nin poetikasını duyur, öz müasirlərinə, gələcək nəsillərə həmin poetikanın fəlsəfəsini aşılamağa çalışırdı.

Tehsil-press.az

Oxşar xəbərlər