Azərbaycan İlahiyyat İnstitutunda Ulu Öndərin xatirəsinə həsr olunan tədbir

Azərbaycan İlahiyyat İnstitutunda Ulu Öndərin xatirəsinə həsr olunan tədbir Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı vebinar keçirilib.
Onlayn tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edib. Ulu Öndərin xidmətlərinin nəticəsi olaraq, sütunları möhkəm bir dövlət miras qoyub-getdiyini və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq dövlətimizin daha da inkişaf etdiyini vurğulayıb.
Rektor bu gün Azərbaycanda yüksək səviyyədə olan dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider tərəfindən qoyulduğunu xatırladıb.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında Heydər Əliyev kimi şəxsiyyətləri tarixin çox nadir hallarda yetişdirdiyini diqqətə çatdıraraq, onu zəmanəmizin dühası adlandırıb. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyduğunu qeyd edib.
E.Nəsirov deyib ki, məhz Ulu Öndərin təməlini qoyduğu ordu sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub. Ümummilli Liderin dövlətçilik təcrübəsinin və siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin bacarıqlı və məqsədyönlü siyasəti nəticəsində, bir güllə belə atılmadan Kəlbəcər, Ağdam və Laçın rayonları işğaldan azad olunub. Azərbaycan xalqı Ulu Öndərin xatirəsini daim uca tutur. Heydər Əliyevin qoyduğu zəngin irs qorunur. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində müasir və müstəqil Azərbaycan gələcəyə doğru inamla irəliləyir.
“Zoom” platforması üzərindən təşkil olunan görüşdə institutun rəhbər heyəti, əməkdaşları, müəllimləri və tələbələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər