BDU-da keçirilən onlayn rəsm müsabiqəsinin qalibləri təəssüratlarını bölüşüblər

BDU-da keçirilən onlayn rəsm müsabiqəsinin qalibləri təəssüratlarını bölüşüblər Bakı Dövlət Universitetinin tələbə və magistrantları arasında elan olunmuş “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsinin nəticələri açıqlanıb. Komissiya üzvlərinin qərarına əsasən, qaliblər - müvafiq olaraq birinci yer 300 manat, ikinci yer 250 manat, üçüncü yer 200 manat pul mükafatı və diploma layiq görülüblər.
Birinci yerin qalibi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs magistrantı Fərid Qurbanov: “Vətən müharibəsi xalqımızın birlik simvolu oldu, biz hər birimiz dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşdik. Prezidentimizin uzaqgörən siyasəti, hərbçilərimizin rəşadəti və arxa cəbhədə olan hər bir azərbaycanlının ürəyinin bir vurması ədaləti bərqərar etdi, ordumuz tarixi zəfər çaldı. Qələbənin yetişəcəyini hər birimiz bilirdik və bu qələbə məni bu rəsm işini çəkməyə ilhamlandırdı. Müsabiqədə iştirak etməyə qərar verdim. Qalib gələcəyim barədə düşünmürdüm, sadəcə, istəyirdim ki, zəfərə həsr olunmuş rəsm əsərimi insanlar görsün. Birinci yerə layiq görülməyim məni çox sevindirdi. Mən qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə və Müzəffər Ali Baş Komandana həsr etmişəm”.
İkinci yerin sahibi Mexanika-riyaziyyat fakültəsinin II kurs tələbəsi Çiçək Nəcəfova: “Əslində, müsabiqə haqqında qrup yoldaşım mənə məlumat verdi, onun sayəsində qatıldım. Belə müsabiqənin keçiriləcəyi haqda ilk dəfə eşidəndə sevindim. Çünki Qarabağ müharibəsi mövzusunda şəkil çəkməyi özüm də istəyirdim. Nə çəkəcəyimi düşünəndə ağlıma hadisələrin ilk necə başlaması gəldi. Tovuz döyüşləri, iyulun 14-də general-mayor Polad Həşimovun şəhid olması... Düşmənin növbəti hərbi təcavüzü və sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması. Sentyabrın 28-də Cəbrayıl Dövlətzadə general Polad Həşimovun intiqamını aldı. O, ona yaxın erməni qulduru ilə əlbəyaxa döyüşə girib, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etdi. Çəkdiyim şəkildə xarıbülbül və mərmi tutmuş əl isə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinədir. Və son olaraq çəkdiyim Şuşa məscidi azad olunan mədəniyyətimizi təmsil edir. Şuşa məscidinin yanında isə şəhərin azad olunması əməliyyatının rəhbəri general-leytenant Hikmət Mirzəyevdir.
Belə bir müsabiqədə yer qazanmağım məni çox sevindirir. Universitetimiz hər zaman belə tədbirlərlə fərqlənir. Həm ixtisasımızı yüksək səviyyədə öyrənirik, həm də əlavə bacarıqlarımızı inkişaf etdiririk”.
Üçüncü yerin sahibi, Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Leyla Əhmədova: “Müsabiqədə 3-cü yerə layiq görüldüyüm üçün çox sevinirəm. Biz hər zaman ordumuza güvənərək, doğma Qarabağımızın geri qaytarılacağına inanmışıq. Qələbə günü yaşadığım sevinci necə və kiminlə bölüşəcəyimi bilmirdim. Universitetimizdə təşkil olunan bu müsabiqəni eşitdikdə Qarabağımızın gözəl guşələrini və qələbə sevincimi əks etdirə biləcəyim bir rəsm hazırlayacağım üçün çox sevinmişdim. Xalqımızın qəhrəman oğullarından biri olan, el arasında “topçu Vüsal” adlandırdığımız əsgərimizi təsvir edərək Vətənimizin digər igid əsgərlərini və şəhidləri də yad edə biləcəyimi düşündüm. Həmçinin azad olunan gözəl torpaqlarımızı da öz əl işimdə əks etdirməyi özümə borc bildim.
BDU tələbələrinə öz qələbə sevinclərini əks etdirə biləcəkləri bir müsabiqə keçirdikləri üçün təşkilatçılara və universitet rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər