“Onlar ölümcül xətaya yol verdilər və indi onun acısını çəkirlər”

“Onlar ölümcül xətaya yol verdilər və indi onun acısını çəkirlər” “İyul ayında baş verənlər Paşinyanın növbəti təxribatı idi. Çünki Paşinyan bu hərbi-cinayətkar qrupun üzvü hesab edilmirdi. Ermənistanın keçmiş rəhbərləri onu orduda xidmət etməmiş, zəif, cəsarəti olmayan insan kimi təqdim edirdilər. Bu səbəbdən o, hərbi qələbə əldə etmək arzusunda idi, xüsusilə də onun hakimiyyətə gəlməsindən bir ay sonra Naxçıvan istiqamətində məğlub olmasından sonra”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.
Dövlət başçısı çıxışına belə davam edib:
“Ancaq o məsələdə onu günahlandırmaq olmaz, çünki o, hakimiyyətə yeni gəlmişdi. Ona hərbi qələbə lazım idi. Biz dəqiq bilirik ki, onlar Lələtəpəni geri qaytarmağı planlaşdırırdılar. O ərazini ki, biz 2016-cı ildəki döyüşlər nəticəsində azad etmişdik. O, çalışırdı nümayiş etdirsin ki, bəli, əvvəlki Sarkisyan hakimiyyəti həmin əraziləri itirdi və ali baş komandan “cəsur” Paşinyan o torpaqları geri qaytardı. Yeri gəlmişkən, indi özləri müharibəni daha yaxşı dərk edəndən sonra məqalələr çap edir və bəyanatlar verirlər ki, Lələtəpəni qaytarmaq cəhdi ciddi canlı qüvvə itkisi ilə nəticələndi. Əslində isə Ermənistan ordusunun bir hissəsi məhz orada tamamilə məhv edilmişdi. İyul ayında onlar Tovuz istiqamətində əraziləri işğal etmək istəyirdilər. Bu, aydın idi və onlar bizi ittiham edirdilər ki, iki hərbçimiz “UAZ” avtomaşını ilə onların mövqelərinə hücum etmişdir. Bu, gülünc məsələ idi.
Biz 44 günlük müharibədə ordumuzun kimlərdən və nədən ibarət olduğunu nümayiş etdirdik. Biz həmin əraziləri zəbt etmək istəsəydik, bunu edərdik. Bu, birincisi. İkincisi isə Ermənistanın ərazisi bizim nəyimizə lazımdır? Nə üçün biz Ermənistana fürsət verməliyik ki, o, KTMT-yə hərbi yardımla bağlı müraciət etsin? Biz ağlımızı itirmişik? Xeyr. Onlar istəyirdilər ki, torpaqları zəbt etsinlər, daha sonra isə Paşinyan gəlsin desin ki, mən məğlubedilməz ordunun böyük komandanıyam və gəlib Tovuzda dayanmışam. Bu idi onların istəyi. Biz onları oradan geri atdıq və deyə bilərəm ki, irəliyə də gedə bilərdik. Onlar bizim generalımızı, zabitlərimizi qətlə yetirdilər. Biz qisas almalı idik. Mən isə ordumuzu dayandırdım. Biz sərhədi keçmədik, sadəcə, onları geri oturtduq və burada dayandıq. Halbuki, Tovuzun dağlıq hissəsində Ermənistan qoşunları yox idi. Biz rahatlıqla kilometrlər boyu irəliləyə bilərdik. Mən dedim xeyr, bunun vaxtı deyil.
Daha sonra avqust ayında Goranboy istiqamətində növbəti təxribata əl atdılar, bizim mövqelərə sızmaq üçün qrup göndərdilər və həmin dəstənin başçısı tərəfimizdən yaxalandı. Nəhayət, sentyabr ayı gəldi. Bu, bir daha yanlış hesablamanın, özləri haqqında olduğundan daha böyük təsəvvürdə olmağın, Azərbaycanın imkanlarını isə lazımi qədər qiymətləndirməməyin nəticəsidir. Onlar ölümcül xətaya yol verdilər və indi onun acısını çəkirlər”.

Tehsil-press.az

Oxşar xəbərlər