ADA Universitetinin keçirdiyi virtual Karyera Hazırlığı Həftəsi və Sərgi beynəlxalq mükafata layiq görülüb

ADA Universitetinin keçirdiyi virtual Karyera Hazırlığı Həftəsi və Sərgi beynəlxalq mükafata layiq görülüb ADA Universiteti tərəfindən keçirilən virtual Karyera Hazırlığı Həftəsi və Sərgi aprelin 22-də “Ernst&Young” şirkətinin sponsorluğu ilə təşkil olunan Qlobal Karyera Xidmətləri Sammitində “Ən yaxşı universitet-işəgötürən tərəfdaşlığı” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.
Belə ki, Universitetin Karyera Xidmətləri Mərkəzinin təşkil etdiyi hər iki karyera tədbiri layihə təklifi qismində sammitin işçi qrupuna dəyərləndirmə üçün təqdim edilib. Təklif beynəlxalq ekspertlərdən ibarət qiymətləndirmə komandası tərəfindən müxtəlif kriteriyalar üzrə dəyərləndirilib, onun orijinallığı, təsiri, həyata keçirilmə keyfiyyəti qiymətləndirilib.
Sammit zamanı bu nüfuzlu mükafata layiq görülənlər sırasında müxtəlif nominasiyalar üzrə ABŞ, İngiltərə, Kanada və Mərakeşin tanınmış universitet və karyera mərkəzləri də yer alıb. Sammitin əsas məqsədlərindən biri karyera xidmətləri göstərən beynəlxalq ekspertlər arasında dialoqun və təcrübə mübadiləsinin genişləndirilməsidir.
Bu mükafatı gələcək liderlərin yetişdirilməsində illər boyu davam edən uğurlu xidmət və zəhmətin nəticəsi kimi qiymətləndirən ADA Universitetinin tələbə xidmətləri və məzun işləri üzrə prorektor müavini Gülnur İsmayıl bildirib: “Tələbələrin peşəkar hazırlığını, öz biliklərini lazımi səviyyədə təqdimetmə bacarıqlarını inkişaf etdirmələri və məzun olmazdan əvvəl peşəkar ünsiyyətlərini genişləndirmələri üçün onları erkən mərhələdə karyeraya hazırlamağa çalışırıq. Bunun üçün isə istedadların yetişdirilməsində və inkişafında bizə dəstək göstərən Azərbaycandakı və xaricdəki yerli və beynəlxalq tərəfdaşlarımıza borcluyuq”.
Qeyd edək ki, ADA Universitetində 2021-ci ildə təşkil edilən Karyera Hazırlığı Həftəsi (1-16 aprel) çərçivəsində 14 yerli və xarici müəssisənin, şirkət, beynəlxalq təşkilat və dövlət qurumunun 50-dən çox yüksəkixtisaslı peşəkarı 200-dən artıq ADA tələbəsinə onlayn təlim və seminarlar keçib, təcrübələrini paylaşıblar.
Aprelin 15-16-da keçirilən virtual Karyera Sərgisi isə 800-dən çox ADA tələbə və məzununu 71 yerli və xarici qurum və şirkətin 120-dən artıq nümayəndəsi ilə Azərbaycanda ilk dəfə istifadə edilən “Whova” platforması vasitəsilə bir araya gətirib.
ADA Universitetinin Karyera Xidmətləri Mərkəzi 2009-cu ildən etibarən tələbə və məzunların dəyişkən əmək bazarına keçidini dəstəkləmək üçün karyera tədbirləri təşkil edir.
Mərkəz həm ADA istedadları ilə, həm də on fərqli sahədə fəaliyyət göstərən yerli və xarici müəssisə, şirkət, beynəlxalq təşkilat və dövlət qurumu ilə mütamadi olaraq ünsiyyətdədir. Karyera Xidmətləri Mərkəzi vasitəsilə müxtəlif qurumlarda staj keçmək fürsətindən yararlanan tələbələr çox zaman elə həmin qurumlarda iş təklifi alırlar.

Tehsil-press.az


Oxşar xəbərlər