ADPU-nun Elmi şurasının növbəti onlayn iclası keçirilib

ADPU-nun Elmi şurasının növbəti onlayn iclası keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
ADPU-nun rektoru, Elmi şuranın sədri, professor Cəfər Cəfərov ötən iclasdan keçən dövr ərzində baş verən ən mühüm hadisələri vurğulayıb. Professor Cəfər Cəfərov Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən söz açıb.
Rektor, həmçinin ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin bu yaxınlarda distant təhsilin təşkili ilə bağlı “mektebgushesi.az” təhsil portalı tərəfindən ölkə kollecləri arasında keçirdiyi onlayn sorğuda çox böyük fərqlə qalib olduğunu qeyd edib.
Gündəlikdəki məsələlərə dair çıxışlarda tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun ADPU-da yaz imtahan sessiyası və yekun dövlət attestasiyasına hazırlıqla bağlı təklifləri dinlənilib və şura tərəfindən qənaətbəxş hesab olunub.
Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov şöbə tərəfindən aprel ayı ərzində keçirilmiş “ADPU-da 2020/2021-ci tədris ili üzrə tələbə məmnuniyyət sorğusu”nun nəticələri haqqında geniş təqdimat edib.
Daha sonra cari məsələlər üzrə müzakirələr aparılıb. Prorektor Eldar Aslanov “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi” yubiley medalının əsasnamə layihəsini şuraya təqdim edib və layihə şura üzvləri tərəfindən müzakirə olunub.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Magistrantların IV Respublika Konfransının materiallarının nəşri, doktorantların dissertasiya mövzuları və universitet alimlərinin monoqrafiyalarının çap olunması ilə bağlı təklif irəli sürüb. Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev universitetin 100 illik yubileyi ilə bağlı görülən tədbirlərin vəziyyəti və nəzərdə tutulan əlavə tədbirlər haqqında məlumat verib.
İclasda irəli sürülən təkliflərlə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər