Tariximizin şanlı səhifəsi- Azərbaycan Xalq Cümhuriyyəti

Tariximizin şanlı səhifəsi- Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığı bu gün tariximizə qızıl hərflərlə yazılıb.
Əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hərbi, ictimai və siyasi proseslər, çarizmin apardığı qərəzli siyasət, yerli xalqların bir-biri ilə ədavətinə maraqlı olması, müsəlman əhalisinə qarşı qırğınların həyata keçirilməsi dövrün ziyalı və aydınlanmış təbəqəsini bir cəbhədə birləşməyə vadar etdi.
Azərbaycanın siyasi xadimlərinin səyi nəticəsində yaranmış Cümhuriyyət müsəlman-türk dünyasında Qərb demokratik siyasi sisteminə əsaslanan ilk milli dövlət idi. AXC yaşadığı 23 ay ərzində demokratik prinsipləri əsas götürüb, vətəndaş cəmiyyətinin formalaşması üçün mühüm işlər görüb.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Sosial-İqtisadi Kollecin metodisti Sveta Behbudova bildirib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti qarşısında duran əsas məsələ müstəmləkə dövründən qalan mürəkkəb problemlərin aradan qaldırılması, xalqın gələcək inkişaf yolunun formalaşması istiqamətində mühüm işlərin görülməsi idi. Dövrün ictimai-siyasi xadimlərinin və görkəmli şəxsiyyətlərinin fəaliyyəti nəticəsində Azərbaycanda yeni tipli teatr, məktəb və mətbuat yarandı, milli özünüdərk formalaşdı. Dövlətçilik atributları qəbul edildi, dövlət, hərbi quruculuq, iqtisadiyyat, mədəniyyət, təhsil və səhiyyə sahələrində atılan addımlar xalqımız üçün taleyüklü əhəmiyyətə malik idi.
Bakının neft paytaxtına çevrilməsi və milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaradıldı. Fəaliyyətinin ilk günlərindən etibarən Azərbaycan Cümhuriyyəti xarici siyasətində qonşu dövlətlərlə dostluq və qarşılıqlı anlaşma prinsipləri zəminində münasibətlərin qurulmasına, mübahisəli məsələlərin həllində zorakılıqdan imtina edilməsinə, qarşılıqlı etimadın yaradılmasına mühüm əhəmiyyət verilirdi. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olub. 1920-ci il aprelin 22-də isə parlament hökumətin təşəbbüsü əsasında Britaniya, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin açılması haqqında qanunu qəbul etdi. Lakin 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə bu işlər yarımçıq qaldı.
“Yarandığı ilk günlərdən təhsil sisteminin yenidən qurulması və milli kadrların hazırlanması işində gərgin fəaliyyətə başladı. Təhsil sisteminin milli zəmin əsasında yenidən qurulmasında 1918-ci il iyunun 27-də türk (Azərbaycan) dilinin dövlət dili elan olunması və avqustun 28-də məktəblərin milliləşdirilməsi haqqında qərarın qəbul edilməsinin mühüm əhəmiyyəti var idi. İbtidai məktəblərdə şagirdlərin ana dilində təhsil alması ilə yanaşı, dövlət dili kimi türk (Azərbaycan) dilinin tədrisi məcburi hesab olunurdu. Orta təhsil müəssisələrində isə tədris dövlət dilində aparılmalı idi. Təhsil müəssisələrində, dövlət idarələrində, orduda, məhkəmələrdə dövlət dilindən istifadə mühüm əhəmiyyət kəsb edirdi. Bununla yanaşı, milli kadrların hazırlanmasına qədər dövlət idarələrində rus dilindən istifadəyə də icazə verilirdi.
Ölkədə müəllim kadrları hazırlamaq üçün qısamüddətli kurslar təşkil edildi. Hökumətin qərarı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradıldı. Ali təhsilin təşkili və ali təhsilli kadrların hazırlanması məqsədilə Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı İnstitutunun və Dövlət Konservatoriyasının təsis edilməsi planlaşdırılsa da, yalnız universitetin açılması mümkün oldu. 1919-cu il sentyabrın 1-də parlament BDU-nun təsis edilməsi haqqında qanun və 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ölkələrin (Almaniya, Fransa, Osmanlı, İtaliya, Böyük Britaniya, Rusiya) ali məktəblərində təhsil alması üçün göndərilmələri haqqında qərar qəbul etdi. Rusiyadakı vəziyyətlə əlaqədar nəzərdə tutulmuş 13 nəfəri oraya göndərmək mümkün olmadı.
Lakin 1920-ci ilin əvvəlində yaranmış siyasi, iqtisadi və sosial böhran və xarici təzyiqlər getdikcə güclənirdi. Həmçinin parlament daxilində hökm sürən hərcmərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. Artıq şimaldan gələn təhlükənin qarşısını almaq olduqca ağırlaşmışdı. Ölkə daxilində müstəqilliyin əleyhinə təbliğat artmışdı. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi”, – deyə alim bildirib.
O qeyd edib ki, 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyət liderlərinin bir qismi Məhəmməd Əmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum edildi, digər qismi Fətəli Xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevrildi, qalanları isə bolşevizmin amansız repressiyalarına məruz qaldı. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Dövlətimizin başçısı İlham Əliyev varislik ənənəsinə sadiq qalaraq müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsinə və inkişafına, hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində bütün səylərini səfərbər edib.

Tehsil-press.az



Oxşar xəbərlər