Akademik fənlərin qlobal reytinqi

Akademik fənlərin qlobal reytinqi Universitetlərin 2021-ci il üzrə Şanxay reytinqi açıqlanıb.
Çinin “Shanghai Ranking Consultancy” konsaltinq şirkəti 2021-ci il fənlər üzrə dünya universitetlərinin əhatəli və obyektiv reytinqini (Global Ranking of Academic Subjects 2021) təqdim edib. Bu il reytinq cədvəlində 54 fənn üzrə universitetlərin təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb və sosial elmlər üzrə reytinqləri göstərilib. Dünyanın 93 ölkə və regionundan 4000 universitetdən 1800-dən çoxu reytinqə düşüb. ABŞ universitetləri 30 fənn üzrə lider mövqelərini nümayiş etdirir. Çin universitetləri 13 fənn üzrə daha iki mövqe irəli çıxıblar. Harvard Universiteti 15 fənn üzrə ən yaxşı təhsil müəssisəsidir. Onlardan 6 sosial, 4 tibb, 3 mühəndislik, 2 həyat elmlərinin payına düşür. MIT 6 fənn üzrə birinci yeri tutur, onlardan 5-i mühəndislikdir. Bu isə MIT-ın adıçəkilən sahədə ən güclü akademik uğurlarını sərgiləyir. Ötən ildən fərqli olaraq, birdən çox fənn üzrə liderlik edən universitetlərin sayı 7-dən 4-ə enib, nəticədə Harvard Universiteti bir sıra digər fənlərdə də irəli çıxa bilib. ABŞ-ın Boulder şəhərində yerləşən Kolorado Universiteti və Massaçusets Texnologiya İnstitutu (MIT), həmçinin Böyük Britaniyadan olan Oksford Universiteti öz mövqelərini qoruyub.
Üstəlik, üç yeni iştirakçı, Çinin Cənub-Şərq, Siana və Sidyan universitetləri bu ilin reytinq cədvəlində nəqliyyat elmləri və texnologiyaları, maşınqayırma və telekommunikasiya mühəndisliyi sahəsində mükəmməl göstəricilərinə görə uğurlu görünür.
Bütün fənlərin reytinq cədvəlində neçə dəfə göründüyünü hesablasaq, ABŞ-dan müvafiq universitetlər 4782, ardınca Çin universitetləri 2895, Birləşmiş Krallıqdan olan universitetlər 1623 dəfə diqqəti çəkir. Britaniya Kolumbiyası Universiteti, Yeni Cənubi Uels Universiteti, Sinqapur Milli Universiteti, Ohayo-Kolumbus Dövlət Universiteti, Minnesota Universiteti, Melburn Universiteti, McGill Universiteti və Toronto Universiteti reytinq cədvəlində 50-dən çox fənn üzrə təmsil olunub.
Reytinqlər beynəlxalq akademik mükafatlar, ali akademik nailiyyətlər, tədqiqat keyfiyyəti və beynəlxalq əməkdaşlıq da daxil olmaqla müvafiq fənlər üzrə dünya universitetlərinin müvəffəqiyyətini izləmək üçün bir sıra obyektiv akademik göstəricilərdən və kənar məlumatlardan istifadə edir. 2021-ci ildə beynəlxalq akademik mükafatlar indeksi tərəfindən keçirilən akademik üstünlük sorğusuna (AES) əsaslanır.
Reytinqin tərtib olunmasında istifadə olunan sorğuda 2021-ci ilin fevral ayına qədər aparıcı dünya universitetlərindən 1122 professor iştirak edib. Onlar 64 fənn üzrə 95 universitet və 17 ölkə/bölgəni təmsil edir. Onların cavabları 48 fənn üzrə 164 aparıcı jurnal, 27 fənn üzrə 32 ali mükafat və informatika və mühəndislik üzrə 26 aparıcı konfransı müəyyən edib.
Qeyd edək ki, müstəqil təşkilat olan “ShanghaiRanking Consultancy” ali təhsil və konsaltinq sahəsində tədqiqatlar üzrə ixtisaslaşıb. 2009-cu ildən Dünya Universitetlərinin Akademik reytinqinin rəsmi naşiridir.
Akademik tədqiqat aşağıdakı meyarlar üzrə universitetlərin seçilməsini həyata keçirir: tədqiqat və elmi fəaliyyətin keyfiyyəti, sitat gətirmə indeksi, beynəlxalq tərəfdaşlıq çərçivəsində əməkdaşlıq, elmi sahənin reytinq nəşrlərində dərc olunan məzmunun sayı, nüfuzlu mükafatlara sahib olan işçilərin sayı.

Tehsil-press.az

Oxşar xəbərlər