
Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib.
Dərslərin başlaması ilə paytaxt yollarında hər gün saatlarla davam edən tıxacların yaranır. Məktəbli avtobusları layihəsi hələlik pilot qaydada bəzi məktəblərdə tətbiq edildiyindən tıxac problemi həllini tapmayıb.
Dəyişkən iş qrafikinin tətbiqi isə bu problemin aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri hesab olunur.
Mövzu ilə bağlı danışan iqtisadçı deputat Vüqar Bayramov dəyişkən iş qrafikinin dünya təcrübəsinə əsaslandığını və effektiv olduğunu deyib:
“Təbii ki, fərqli iş qrafikinin tətbiq edilməsi bütövlükdə Dövlət Proqramının istiqamətlərindən biridir və bunun tətbiqi vacibdir. Çünki biz inkişaf edilmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatları tətbiq olunur. O cümlədən bura təhsil müəssisələri də daxildir.
Azərbaycanda da oxşar praktikaların tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu da artıq nəzərdə tutulub. Bu, yollardakı tıxacın, sıxlığın aradan qaldırılması baxımında vacibdir. Gözlənilir ki, işə başlama və iş vaxtlarının bitmə saatları fərqli olacaq. Ölkələrin təcrübəsi göstərir ki, bu, effektiv bir mexanizmdir və tətbiqi birmənalı şəkildə sıxlığa və tıxaca təsir göstərmək imkanına malikdir.
Sözsüz ki, bununla yanaşı, parlalel olaraq digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var”.
Mövzu ilə bağlı danışan hüquqşünas Sahib Məmmədov də hesab edir ki, Dövlət Proqramının effektiv olması üçün bu sahədə kompleks tədbirlər görülməlidir:
“İş yerlərində qrafikin dəyişməsi tıxacların aradan qaldırılması üçün bir tədbirdir.
Təhsil müəssisələrinə gəldikdə orada qrafikini dəyişmək yox, təhsil müəssisələrinin qarşısında avtomobillərin dayanmasının qarşısını almaq lazımdır. Ən çox tıxac yaradan onlardır. Bunun qarşısı alınmasa, qrafikin fərqi yoxdur. Çünki elə məktəblər var ki, övladlarını düşürmək üçün saxlayan avtomobil sahiblərinin əlindən heç cür keçib getmək mümkün olmur”.
S.Məmmədovun fikrincə, az sayda əməkdaşı olan iş yerlərində qrafiki dəyişmək bir qədər mümkünsüz görünür. O, həmçinin bidirib ki, gələcəkdə dəyişkən iş qrafiki tətbiq edildikdə bu rejimə əməl edilməsinə nəzarət edilməsi vacibdir.
Tehsil-press.az