
Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, məqalələrdəki cümlələr bir-birinə oxşayır:
“Rusiya mediasının materiallarında oxucularda sammitin nəticələri barədə mənfi təəssürat yaradılmağa çalışılır. Kremlin nəzarətindəki media əsas üç məqamı önə çəkib. Birincisi, yazıblar ki, Prezident İlham Əliyevin sammitdəki çıxışında gələn il Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimləri barədə təklifi guya digər üzvlər tərəfindən dəstəklənməyib. İkincisi, guya Mərkəzi Asiyanın türk dövlətləri Türkiyənin istəyi ilə Şimali Kipr Respbulikasını rəsmən tanımaq istəmirlər. Üçüncüsü, guya Türkmənistan həmişəki kimi təşkilata üzv olmaq istəmir.
Sammitdə çıxış edən liderlər müxtəlif təkliflər veriblər və bu təkliflərin hamısı araşdırılacaq. Bu baxımdan İlham Əliyevi birgə hərbi təlimlər barədə təklifinin də reallaşması ehtimalı yüksəkdir. Rusiya mediası diqqəti ona çəkir ki, İlham Əliyev birgə hərbi təlimləri təklif etdikdən sonra digər üzv dövlətlərin liderləri bu təklifə münasibət bildirməyiblər. Kremlin nəzarətindəki media buradan yanlış olaraq belə nəticə çıxarıb ki, Mərkəzi Asiya ölkələrinin liderləri birgə hərbi təlimlərdə maraqlı deyillər. Ona qalsa, İlham Əliyev də digər liderlərin təkliflərinə münasibət bildirməyib. Ancaq bu o demək deyil ki, İlham Əliyev Qazaxıstan və Özbəkistan prezidentlərinin müxtəlif mövzulardakı təkliflərini reallaşmasında maraqlı olmayacaq.
Kreml mediası onu da yazıb ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğundan Türk Dövlətləri Təşkilatı çərçivəsindəki hərbi təlimlərdə iştirak etməyəcək. Halbuki Türkiyə və Azərbaycan Qazaxıstanla hərbi əməkdaşlığı genişləndirib və son illərdə üç dövlət arasında müxtəlif səviyyələrdə hərbi təlimlər keçirilib”.
Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlüyünə gəlincə, Elxan Şahinoğlu vurğulayıb ki, Türkiyə və Azərbaycan bu dövlətin üzvlüyünü dəstəkləyir, Mərkəzi Asiya ölkələri bu məsələyə ehtiyatla yanaşırlar:
“Rusiya mediası Mərkəzi Asiya ölkələrinin Qəbələdə Şimali Kipr Respublikasının tanımadıqlarını iddia edib. Halbuki Qəbələdə bu məsələ gündəlikdə deyildi. Əsas məsələ Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundan üzvlük statusuna keçidinin təmin olunmasıdır. Bu, gələcəyin işidir, ancaq Şimali Kipr Respublikası Prezidenti Ərsin Tatarın ümumi masa arxasında türk dövlətləri liderləri ilə oturmasının özü irəliyə doğru addımdır.
Türkmənistanın da təşkilata marağı artıb. Rusiya mediası Qəbələ sammitndən bir neçə gün əvvəl Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun toplantıda iştirak etməcəyəni yazırdı. Rusiya mediasının yazdıqlarının əksəriyyəti yalan olduğu kimi, bu “proqnozu” da doğru çıxmadı. Əslində, Rusiya mediasının yazdıqları onu göstərir ki, Kreml türk dövlətləri arasında artan inteqrasiyadan narahatdır”.
Tehsil-press.az