Şəki Regional Elmi Mərkəzinin alimləri yeni uğura imza atıblar

Şəki Regional Elmi Mərkəzinin alimləri yeni uğura imza atıblar Azərbaycan alimləri vəhşi ipəkqurdunun ipəkçilik üçün yetişdirilməsi üsulunu ixtira ediblər. Belə ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları yeni elmi uğura imza atıblar.
Mərkəzin Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi, AMEA-nın Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürovanın yerinə yetirdiyi dissertasiya işi üzrə əldə etdiyi ilkin nəticə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 2021-ci il 21 may tarixli qərarı ilə “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib və buna dair məlumatların Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc olunması haqqında ekspertiza rəyi verilib.
İxtiranın müəllifləri Zərintac Şükürova, Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və Tut ipəkqurdunun seleksiya şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdürət Bəkirovdur. İxtiranın yeniliyi ondan ibarətdir ki, “Saturniidae” ailəsinə aid olan “Saturnia pyri” vəhşi ipəkqurdunun məhz ipəkçilik üçün yetişdirilməsi ilə ondan yüksək davamlılıq qabiliyyətinə malik spesifik ipək alınıb.
İlkin nəticələr göstərir ki, ənənəvi tut ipəkqurdunun (Bombyx mori) ipəyi ilə müqayisədə, heteretrof canlı olan “Saturniya pyri”nin ipəyinin lifləri daha davamlı, iki dəfə daha möhkəmdir, o cümlədən digər toxuculuq lifləri ilə yaxşı uzlaşır.
Qeyd edək ki, bu ixtira elmi və təsərrüfat əhəmiyyətinə malik olmaqla “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Şəki Regional Elmi Mərkəzinin tədbirlər planının “Baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi” istiqamətində yerinə yetirilən ilk tədqiqat işidir.
Hazırda mərkəzin alimləri tərəfindən bu istiqamətdə tədqiqatların genişləndirilməsi, daha uğurlu nəticələrin əldə olunması planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər