Şəki Regional Elmi Mərkəzinin əməkdaşları laboratoriya və çöl işlərini növbəli şəkildə davam etdirirlər

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları laboratoriya və çöl işlərini növbəli şəkildə davam etdirirlər AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rəhbəri olduğu qurumda 2020-ci ilin I rübü üzrə və martın 29-dan aprelin 19-dək olan müddətdə görülən işlər barədə məlumat verib. Yusif Şükürlü 2020-ci ilin birinci yarısından etibarən regional elmi mərkəzin əməkdaşlarının 3 istiqamətdə 8 mövzu üzrə elmi-tədqiqat işləri apardıqlarını söyləyib. Qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejimi tətbiq ediləndən sonra Mərkəzin Bitkilərin genofondu və biomüxtəliflik, eləcə də Tut ipəkqurdunun seleksiyası şöbələrinin əməkdaşları növbəli şəkildə laboratoriya və çöl işlərini davam etdirirlər. Digər şöbələrin əməkdaşları isə plan üzrə tədqiqatlarını ev şəraitində onlayn şəkildə aparırlar.
Alim qeyd edib ki, Mərkəzin Bitkilərin biokimyası şöbəsində Şəki-Zaqatala bölgəsinin dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı şingilə dərman bitkisinin meyvəsində toplanmış maye, quru maddə, sellüloz, kül və digər maddələrin miqdarı öyrənilir, bitkinin yayılma arealından asılı olaraq turşuluğunun (pH) dəyişməsi izlənilir.
Mərkəzin Folklorşünaslıq və el sənətləri şöbəsində toplama və tədqiqat işləri davam etdirilir, “Bölgənin şifahi və yazılı ədəbiyyatının növ və janr xüsusiyyətləri baxımından tədqiqi” mövzusu üzrə araşdırma aparılır.
Direktor Bitkilərin genofondu və biomüxtəliflik şöbəsi tərəfindən 2020-ci ilin əvvəlində Şəki, Qax, Zaqatala rayonlarından 1000 ədəd xalq seleksiya sortuna məxsus fındıq tingləri gətirildiyini və əkinə hazırlandığını diqqətə çatdırıb: “Fındıq bağı üçün müəyyən olunmuş sahədə 250 ədəd çala qazılıb və hər çalaya 4 ting qoymaqla əkilməsi planlaşdırılıb”.
Qeyd edilib ki, təcrübə sahəsində biomüxtəlifliyin öyrənilməsi məqsədilə hər birindən 3 ədəd olmaqla, ağac və kol bitkisi şəklində 17 növ dərman bitkisi əkilərək Şəki Regional Elmi Mərkəzinin yeni Təbabət bağı salınıb. Təbabət bağı üçün əkin materialı Mərkəzin nəzarətində olan Baş Şabalıd biosenozu və Şəki rayonunun digər meşəlik ərazilərindən əldə edilib. Gələcəkdə onun sahəsinin və buradakı növ sayının artırılması nəzərdə tutulur.
Y.Şükürlü 2020-ci ilin aprel ayında rayonlaşdırma məqsədilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu tərəfindən göndərilən, 2 hektar ərazidə səpilmiş və normal bitiş əldə olunmuş “Stavropol” buğda sortlarına gübrə verildiyini, alaqlara qarşı mübarizə aparmaq məqsədilə sahəyə herbisid çiləndiyini diqqətə çatdırıb.
O, həmçinin Tarixi irs və etnoqrafiya, Ekoloji biofizika, Landşaftşünaslıq, Tut ipəkqurdunun seleksiyası və digər şöbələrdə görülən işlər, aparılan araşdırmalar, həyata keçirilən layihələr barədə məlumat verib.
Mərkəzin direktoru bütün bu işlərin koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində onlayn rejimində yerinə yetirildiyini diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər