"Müharibədən sonra efirlərə çıxmaq istəmədim, şəhidlərimizin torpaqda qanları hələ qurumayıb"

Xalq artisti Aygün Bayramovanın müsahibəsini təqdim edirik.
- Aygün xanım, bir neçə gün öncə Ağdamda təməlqoyma mərasimində ziyalılar toplaşmışdı. Nədənsə sizi orada görmədik.
- Əslində təməlqoyma mərasiminə dəvət alan ziyalılar içində mən də var idim, amma üstünüzə sağlıq, bərk xəstləndiyim üçün gedə bilmədim. 30 ildir biz bu həsrətin bitməsini gözləyirdik, şükür Allaha ki, bitdi. Təməlqoyma mərasimini efir vasitəsilə izlədim, nə hisslər keçirdiyimi bir Allah bilir.
- "Kaş mən də orda iştirak edərdim" deyə bir hiss ürəyinizdən keçdi?
- Təbii ki. Bu hələ başlanğıcdır, nə qədər səfərlər və açılışlar olacaq, nəinki Ağdamda, bütün işğaldan azad edilmiş ərazilərdə. Mənim yadımdadır, Ağdamdakı 1 nömrəli məktəbdə o vaxt az şagird təhsil alırdı, dünənki təməlqoyma mərasimində bildirdilər ki, bundan sonra həmin məktəbdə 960 şagirdin təhsil almaq imkanı olacaq. Hər şey yadımdadır ki, nə harada yerləşirdi, kimin evi harada idi?! Bu gün həm Ağdamda, həm də digər yerlərdə böyük yenidənqurma işlərinə start verilib. Bu sevindirici haldır.
- Siz Ağdamın özündənsiz, yoxsa hansısa kəndindən?
- Bizim evimizdən şəhərə piyada 10 dəqiqəlik yol idi. Sarıhacılı kənddə, Arif Babayevlə qonşu olmuşuq. Dünən həm də onu eşitdim ki, bizim kəndimiz də daxil olmaqla bir neçə kənd şəhərə birləşdiriləcək. O vaxtkı Ağdamdan əsər-əlamət qalmayıb. Bunu hansı vicdansız edə bilər? Vaxtilə bizim toxum səpdiyimiz torpaqlara mina basdırıb çıxıblar. Ancaq dağıtmaqla məşğul olublar, çünki özlərinin deyildi. O torpaqların sahibi olsaydılar gözəl tərzdə yaşayardılar. Bilirdilər ki, gün gələcək, həmin torpaqların əsl sahibləri yenidən vətənlərinə ayaq basacaq.
- Uzun müddətdir sizi efirlərdə görmürük. Buna xüsusi səbəb varml?
- Xeyr, bu mənim öz seçimimdir. Bizim müharibədən sonra bir gözümüz güldü, biri ağladı. Ona görə də müharibədən sonra efirlərə çıxmaq istəmədim. Çünki şəhidlərimizin torpaqda qanları hələ qurumayıb. Musiqili verilişləri hələ ki, dayandırmışam. Kim necə istəyirsə edir, mən sadəcə müvəqqəti bu yolu seçmişəm.
- Bir müddət əvvəl Nəzakət Teymurova ilə müsahibə edəndə bildirmişdi ki, Opera və Balet teatrından öz ərizəsi ilə çıxıb. Siz bəs necə?
- 5 ildir ki, Opera və Balet teatrında çalışmıram. Ondan da 2 il əvvəl mən çıxmaq istəyirdim teatrdan. Necə oldusa dedim ki, bəsdir daha, qoy gənclər gəlib ifa etsinlər. Ab-hava da bunu tələb edirdi. Bizim teatrdam nəinki muğam ifaçıları, həm də vokal ifaçıları da çıxdı.
- Peşman deyilsiz?
- Xeyr, niyə peşman olmalıyam ki? Mən zamanında bu teatrın səhnəsində çox rollar oynamışam. Opera və Balet teatrından çıxmağım sənətlə vidalaşmağım demək deyil ki.

Tehsil-press.az


Oxşar xəbərlər