BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət olunub Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Ataməli Musaoğlunun ailəsini ziyarət edib.
BDU və “Missiya TV” internet televiziyasının “Bakı Dövlət Universitetinin tarix yazan qəhrəman şəhid məzunları” layihəsi çərçivəsində reallaşan ziyarətdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, dekan müavini İranə Məmmədli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə sədr müavini İbrahimxəlil Məmmədov və fakültənin fəal tələbələri iştirak ediblər.
Çıxış edənlər Ataməli Musaoğlunun Vətən torpağı uğrunda düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldığını vurğulayıblar.
Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ataməlinin xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, onun ömür yolunun gələcək nəsillər üçün örnək olacağı qeyd edilib.
Şəhid Ataməli Musaoğlunun anası diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və dövlətimizin başçısının apardığı siyasətin, ordu quruculuğunun uğurlu nəticələrini vurğulayıb, torpaqlarımızın düşmən tapdağından azad edildiyini söyləyib.
Ataməli Musaoğlu 2012-2016-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Psixoloq kimi fəaliyyət göstərən Ataməli Musaoğlu 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 16-da Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı dostunu xilas edərkən düşmən snayperindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Tehsil-press.az


Oxşar xəbərlər