Azərbaycan Texniki Universitetində vebinar: Narkotiklər haqqında həqiqəti öyrənək

Azərbaycan Texniki Universitetində vebinar: Narkotiklər haqqında həqiqəti öyrənək Azərbaycan Texniki Universitetində (AzTU) “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib.
Vebinarda çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev mövzu ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və müvafiq qanunvericilik aktlarının icrası ilə bağlı ətraflı məlumat verib.
Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Vüqar Mansurov qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə məruzə ilə çıxış edib.
AzTU-nun Humanitar fənlər və Xarici dillər kafedralarının müəllimləri narkomaniyanın fəsadlarından danışıb və onunla mübarizə tədbirlərindən söz açıblar.
Vebinarda narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
Məruzələr ilə bağlı aparılan müzakirələr vebinar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az


Oxşar xəbərlər