Dünya şöhrətli arxeoloq Rauf Munçayev vəfat edib

Dünya şöhrətli arxeoloq Rauf Munçayev vəfat edib Moskvada yaşayan həmvətənimiz, dünya şöhrətli arxeoloq Rauf Maqomedoviç Munçayev ömrünün 93-cü ilində vəfat edib.
Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli məlumat verib.
O bildirib ki, Rauf Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. Zaqatalada rus məktəbində orta təhsil alıb. 1945-1949-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada eramızdan əvvəl VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparıb.
R.Munçayevin elmi yaradıcılığında Azərbaycan abidələrinə tez-tez müraciət edilib. Naxçıvan, Qarabağ, Gəncə-Qazax, Muğan, Quba-Xaçmaz bölgələrində yayılmış Neolit-Tunc dövrü mədəniyyətləri R.Munçayevin əsərlərində dəfələrlə işıqlandırılıb. Böyük Sovet Ensiklopediyasında R.Munçayevin Azərbaycanın arxeoloji abidələri barədə məqalələri dərc edilib. O illərdə R.Munçayev tez-tez Azərbaycana elmi ezamiyyətlərə gəlir, burada aparılmış arxeoloji qazıntıların nəticələri ilə yaxından maraqlanır və Azərbaycandan olan həmkarları ilə birgə elmi məqalələr çap etdirirdi.
Doğma Vətəni Azərbaycanla sıx bağlı olan R.Munçayev yaşının az olmadığına baxmayaraq təkcə son illər 5 dəfə (2011, 2012, 2013-cü illərdə və 2016-cı ildə iki dəfə) Azərbaycana gəlib, burada keçirilən beynəlxalq konfranslarda və digər elmi tədbirlərdə iştirak edib, arxeoloji abidələrdə aparılan qazıntılarla yaxından tanış olub. Azərbaycanın arxeoloq kadrlarının yetişməsində də R.Munçayevin böyük xidmətləri var. O, hələ keçən əsrin 50-ci illərinin sonlarında özünün yaxın dostları olan İdeal Nərimanov, Cabbar Xəlilov və Teymur Bünyadovun Moskvada keçirilən namizədlik dissertasiyalarının müdafiələrinə təşkilati dəstək göstərməklə yanaşı, onların elmi işlərinə opponentlik edib. Sonralar bu alimlərin hər biri Azərbaycan arxeologiya və etnoqrafiya elmlərində məktəblər yaratmış görkəmli tədqiqatçılar oldular.
“R.Munçayev görkəmli alim olmaqla yanaşı, həm də çox bacarıqlı, yorulmaz elm təşkilatçısı olduğunu əməli fəaliyyəti ilə sübut edib. O, 20 ildən artıq bir müddətdə (1968-1991) SSRİ kimi nəhəng bir ölkənin Elmlər Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. 1991-1994-cü illərdə artıq Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib, 1994-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləyib. R.Munçayev bu vəzifələrdə çalışdığı uzun illər ərzində Sovet-Rusiya arxeologiya elminin inkişafında, tədqiqatların genişlənməsində, elmi kadrların yetişməsində müstəsna xidmətlər göstərib”, – deyə N.Müseyibli bildirib.
Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülüb. O, 1998-ci ildə “Dostluq” ordeni, 2005-ci ildə “Kazanın 1000 illiyi xatirəsinə” medalı, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilib. 1982-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikasının, 1989-cu ildə Rusiya Federasiyasının, 2008-ci ildə İnquşetiya Respublikasının Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb, 2013-cü ildə isə Çeçenistan Respublikasının Elmlər Akademiyasının fəxri akademiki seçilib. Görkəmli alim Qədim Mesopotamiyanın tədqiqində göstərdiyi xüsusi xidmətlərə görə 1999-cu ildə Rusiya Federasiyasının elm və texnika üzrə Dövlət Mükafatına layiq görülüb. R.Munçayev 1985-ci ildən Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, 1990-cı ildən isə İtaliyanın Afrika və Şərq İnstitutunun müxbir üzvü olub.
Görkəmli alim Rauf Munçayevin adı beynəlxalq arxeologiya elminin tarixində, xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.

Tehsil-press.az


Oxşar xəbərlər