DİN-dən vətəndaşlara müraciət

DİN-dən vətəndaşlara müraciət Daxili İşlər Nazirliyi antinarkotik təbliğatla bağlı ictimaiyyətə müraciət edib.
Müraciətdə deyilir:
“Əziz həmvətənlər!
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir. Bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə bir vəziyyət isə nəticə etibarı ilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır.
Problemlə bağlı mediada tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Bu, normal haldır və biz hər kəsin mövqeyinə, eləcə də ictimai rəyə hörmətlə yanaşırıq.
Lakin təkcə tənqidlə, yaxud iradlarla iş bitmir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər. Doğrudur, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal mövqe tutan vətəndaşlarımız var və məhz onların məlumatları əsasında effektiv nəticələri olan bir çox əməliyyat tədbirləri keçirilib. Həmin vətəndaşların hər birinə təşəkkür edir, prinsipial mövqelərini alqışlayırıq.
Bu işdə daha bir vacib məsələ antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılmasıdır.
Yeniyetmələr, gənclər arasında aparılan izahat işlərinə, müvafiq tədbirlərə gəlincə, bu iş konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olur, çəkindirici rol oynayır. Bütün hallarda əsas diqqət ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməlidir.
COVID-19 pandemiyasından əvvəl demək olar ki, respublikanın bütün təhsil müəssisələrində davamlı antinarkotik tədbirləri keçirmişik. Bu işdə gənclər təşkilatları da fəallıq göstərirdilər. Ancaq hazırda xüsusi karantin rejimi ilə əlaqədar kütləvi tədbirlər keçirmək mümkün olmadığından vətəndaşların köməyinə həmişəkindən daha çox ehtiyac duyulur. Biz bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvənirik, eyni zamanda mediadan, sosial şəbəkə istifadəçilərindən, blogerlərdən və jurnalistlərdən də gözləntilərimiz çoxdur.
Ümid edirik ki, “narkotiklərə yox” devizi hamılıqla dəstəklənəcək, hər kəs XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini verəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər