“Xalqımız Mehriban xanımın fəaliyyətini görür və eyni münasibətlə ona cavab verir”

“Xalqımız Mehriban xanımın fəaliyyətini görür və eyni münasibətlə ona cavab verir” “Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, dünyada sülhün, mədəniyyətlərarası dialoqun dəstəklənməsinə mühüm töhfə verir. Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Azərbaycan xalqı üçün isə mərhəmət simvoludur”.
Bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib. O qeyd edib ki, 2004-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin adını daşıyan fonda rəhbərlik edən M. Əliyeva bu qurumun geniştərkibli fəaliyyətinin peşəkar qurulmasını həyata keçirib:
“Mehriban Əliyeva fondun yerli və beynəlxalq layihələrinin uğurla icra edilməsini təmin edib, beynəlxalq humanitar çağırışlara qoşulub, bir sıra yeni ideyaların təşəbbüskarı olub. Mehriban xanım Parlamentdəki fəaliyyəti dövründə də bir sıra mühüm təkliflərlə çıxış edib, seçicilərin problemlərini daim diqqətdə saxlayıb, onların həllinə nail olub. Bu gün xanım Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini kimi ciddi və məsuliyyətli işləri peşəkarlıqla həyata keçirir. O, peşəkar siyasi xadim olaraq dövlət institutlarının işinin qurulması və əlaqələndirilməsinə, sağlam gənc nəslin yetişməsinə, Azərbaycan mədəniyyətinin qorunması və beynəlxalq səviyyədə tanınmasına, şəhid ailələri və qazilərin problemlərinin həll olunmasına, əhalinin sosial cəhətdən zəif kütləsinin çətinliklərinin aradan qalxmasına, pandemiya ilə mübarizəyə və.s mühüm töhfələr verir. Birinci xanım eyni zamanda idman hərəkatının inkişafını da xüsusi diqqətdə saxlayır. Azərbaycanda keçirilən bir sıra beynəlxalq yarışlarda onun təşkilat komitəsinə rəhbərlik etməsi bu tədbirlərin uğurla keçirilməsini şərtləndirən amillərdən olmuşdur. Azərbaycanın Birinci vitse-prezidentinin şəhid ailələri və qazilərlə münasibətini xüsusi vurğulamaq istərdim. Mehriban xanım şəhid ailələrinə, qazilərimizə xüsusi sevgi ilə yanaşır, onların problemlərinin operativ şəkildə həll olunmasını təmin edir, şəhidlərimizin xatirələrinin yaşadılması üçün çoxşaxəli fəaliyyət göstərir.
Mehriban xanım öz işinə peşəkar dövlət xadiminə xas olan soyuqqanlılıq göstərməklə yanaşı, ana sevgisi ilə müşahidə olunan kövrəklikə yanaşır. O, Azərbaycanı, onun xalqını, mədəniyyətini, tarixini, adət-ənənələrini, təbiətini sevir. Azərbaycan xalqının müdrik xalq olduğunu, Azərbaycanın isə qədim tarixə malik olduğunu bütün mötəbər tribunalardan səsləndirir. Azərbaycan xalqı da Mehriban xanımın bütün bu fəaliyyətini görür və eyni münasibətlə ona cavab verir.
Mən fürsətdən istifadə edib Mehriban xanımı qarşıdan gələn doğum günü münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı üçün uğurlar arzulayıram”.

Tehsil-press.az


Oxşar xəbərlər