Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür.
Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü böhranın təsir etdiyi 35 ölkədə 3-18 yaş arasında insanların 75 faizinin yoxsul olmasına, habelə bu uşaqların təhsil almasını təcili dəstəkləməyə ehtiyac olduğuna diqqət çəkir. Eləcə də zorakılığın fəsadları ilə əlaqədar uşaqlardan və onların təhsil almaq bacarığından ötrü narahatlıq ifadə olunur. COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti bağlanmış məktəblərin şagirdlərinin ehtiyacları xüsusi diqqət tələb edir.
Xatırladaq ki, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının 2020-ci il mayın 28-də qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq təsis edilib. Həmin qətnaməni Qətər Dövləti təqdim edib və 62 ölkə tərəfindən dəstəklənib.
Məktəblərə hücum humanizm prinsiplərinin pozulmasıdır. Qətnamədə göstərilir ki, hökumətlər təhsilalanlar, xüsusən həssas durumda olanlar üçün bütün səviyyələrdə inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmininə və bu təhsilin müdafiəsinə görə məsuliyyət daşıyırlar. Sənəddə, həmçinin fövqəladə humanitar vəziyyətlərdə məktəblərin, təhsilalanların və müəllimlərin müdafiəsi üçün, təhsilin əlçatanlığına mane olan hərəkətlərin qarşısının alınması üçün, silahlı münaqişə vəziyyətində təhsilin əlçatan olması üçün bütün mümkün tədbirləri görmək yolu ilə məktəblərdə təhlükəsiz şərait yaradılmasından ötrü fəallıq göstərilməsinin və maliyyələşmə həcminin genişləndirilməsinin zəruriliyi vurğulanır.
Qətnamə UNESCO və UNICEF-i münaqişədən təsirlənmiş ölkələrdə yaşayan milyonlarla uşağın vəziyyəti haqqında məlumatlılığı artırmağa çağırır.
BMT bu günü təsis etməklə məktəblərin təhsilalanların və müəllimlərin müdafiəsini və təhlükəsizliyini təmin edən məkanlar qismində diqqətdə saxlanmasının, habelə təhsilin ictimaiyyətin diqqət mərkəzində qalmasının vacibliyini aydın şəkildə bildirir.
Bu vəzifə dünyada uşaqların 90 faizindən çoxu üçün məktəblərin bağlanmasına gətirib çıxaran COVID-19 pandemiyasına qarşı hökumətlərin mübarizə apardığı şəraitdə prioritet olaraq qalır.
Azərbaycan təhsili də zaman-zaman münaqişələrin mənfi təsirinə məruz qalıb. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olundu. Bir milyona yaxın vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Lakin dövlətimiz məcburi köçkünlər üçün salınan qəsəbələrdə məktəblər də inşa etdi. Ötən dövr ərzində məcburi köçkün uşaqları doğma torpaqlarından kənarda olsalar da, təhsillərini yüksək səviyyədə davam etdirdilər. Köçkün məktəblərini bitirən gənclərimiz ölkəmizdə və xaricdə ali təhsil alaraq, respublikamızın inkişafına töhfə verirlər.
Xatırladaq ki, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Eləcə də 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 şagirdin təhsil aldığı orta məktəb məhv edilib.
İkinci Qarabağ müharibəsi də təhsilimizə təsirsiz ötüşmədi. Bu müharibə 10 şagirdin həyatına son qoydu, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Məktəb infrastrukturuna ciddi ziyan dəydi – 60 məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulma¬sı tədrisin davam etdirilməsini müm¬künsüz etdi. Düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırıldı.
Müharibədə Qələbə qazanan Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə başlayıb. Bu ərazilərdə müasir standartlara cavab verən təhsil infrastrukturunun qurulması da nəzərdə tutulur. Xatırladaq ki, bu il avqustun 4-də Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat ayrılıb.

Tehsil-press.az


Oxşar xəbərlər